TƏNBƏL İNSANLAR UĞURLUDUR? MİF YOXSA REALLIQ?

Tənbəllik əksəriyyət tərəfindən pis xüsusiyyət kimi qəbul edilir. “Uğurlu bir insan olmaq üçün çalışqan və güclü iradəyə sahib olmaq lazımdır” kimi qəlibləşmiş düşüncələr tənbəl insanlara qarşı önyarğı yaradır. Tənbəl insanların uğurlu olub olmadığını aydınlaşdırmaq üçün ilk öncə tənbəlliyi necə xarakterizə etdiyimizi aydınlaşdırmaq lazımdır. Mənim fikrimcə tənbəl insanlar da öz aralarında iki tipə bölünür; zehni və fiziki cəhətdən tənbəl olanlar, fiziki cəhətdən tənbəl olub zehinləri davamlı olaraq çalışanlar. Təbii ki uğurlu olmaq üçün yalnızca zehni fəaliyyət kifayət etmir, lakin böyük hissəsi də zehni işdən ibarətdir. Hətta tənbəl insanların daha böyük bir zəkaya sahib olduğu da düşünülür. Birinci tip insanların uğurlu olması bir möcüzə olsa da, ikinci tip insanlar üçün bu o qədər də mümkünsüz deyil. Lakin hər nə qədər zehni işlə məşğul olmaq uğura gedən yolda atılan bir addım olsa da bu hal davam ettikcə insanı depressiyaya sürükləyə bilər. İlk başlarda zehinlərində yaranan bu düşüncələrlə yaşamaq asan kimi görünsə də, bu hal davamlı olaraq təkrarlandıqda bəzi problemlərə yol aça bilər. Həmçinin zehnin dayanmadan fikirlərlə dolub daşması yuxusuzluğa da gətirib çıxarır. Belə insanlara “ tənbəl olma, dur bir işin qulpundan yapış, tək bacardığın ancaq boş boş oturmaqdır” kimi provakatif ifadələrin deyilməsi tənbəlliyin aradan qaldırılmasında heç də həll yolu deyil. Əksinə bu tip ifadələr həmin insanı daha da içindən çıxılmaz bir hala düşməyinə səbəb ola bilər. Zehni iş fiziki işdən daha yorucudur və bu tip insanlar qıraqdan heç nə etmirlərmiş kimi görünsələr də, əslində öz içlərində tam bir xaos mövcuddur. Belə insanlar bəzən gerçək həyatda etməli olduqları işləri belə özləri üçün dünyanın ən çətin işinə çevirə bilirlər.

Hətta bu tip insanlara veriləbiləcək ən yaxşı nümunə İvan Qonçarovun müəllifi olduğu Oblomov kitabındandır. Kitabın baş qəhrəmanı olan İlya İlyiç Oblomov real həyatı zehnində yaşamağı seçən, zehnində düşündüklərini gerçəkləşdirmək istəyən amma bunun üçün ilk addımı əsla ata bilməyən biridir. Ən önəmlisi də o bu vəziyyətinin fərqində olub, çatışmazlıqlarını qəbul etməyi bacarır. Lakin içinə düşdüyü bu qəribə vəziyyətdən istəsə də qurtula bilmir. Onu bu hala salan düşüncələrinin eyni zamanda qurtuluşu olacağını zənn edir. Halbuki bu düşüncələri ona gündən günə daha da əzab verir və yaşadığı həyatın yalnızca düşüncələrindən ibarət olduğunu qəbul edir. Hətta bu hal o qədər uzun müddət davam edir ki Oblomov real həyatın yerinə zehnində qurduğu xəyallarla yaşamağın daha asan olduğunu düşünür. Lakin zənn etdiyi kimi bu qərarı onu xoşbəxtiyə qovuşmasında heç bir rol oynamır, əksinə keçmişdə olduğundan daha kədərli bir insana çevrilməsinə, yaşadığı bu həyatın bütün anlamlarını itirməsinə səbəb olur. Yaşıdları kimi uğurlu bir həyata sahib ola bilməməsi, ondan savayı hər şey və hərkəsin bu dünyaya aid olması həyatdan daha da qopmasına gətirib çıxarır. Fiziki sayılabiləcək bu tənbəlliyi artıq yavaş yavaş ruhuna da sirayət etməyə başlayır və Oblomov təkcə bədəninin deyil həmçinin duyğularının da uyuşduğunu anlayır. Digər insanların sahib olduğu adi duyğuları belə hissetmək onun üçün mümkünsüz hala gəlir. Bəlkə də Oblomov bütün bədəninə və ruhuna yayılmış tənbəlliyə qalib gəlməyi bacarsaydı, sahib olduğu fikirlərlə digər yaşıdları kimi bir həyata sahib ola bilərdi. Lakin zehni hər nə qədər durmadan yeni fikir və ideyalar yaratmağa davam etsə də bir tərəfdən də qarşısındaki ən böyük maneəydi. Bu halına bir müddət daha dayana bilməyən bədəni isə artıq mübarizə aparmaqdan imtina edər və qısa bir zamanda xəstəliyə düçar olar. Əslində burada təəccüblənəcək heç bir hal yoxdur. Zehin və bədən arasında mövcüd olan bu tarazlıq pozulduğunda zehin özünü deyil də bədəni qurban verər. Mən bu halı insanın sahib olduğu potensiyalını üzə çıxara bilmədiyi vaxt yaranan vəziyyətə bənzədirəm. İnsan potensiyalını göstərə bilmədikcə sahib olduğu bu möcüzə ondan gettikcə uzaqlaşmağa başlayır. Beləliklə hələ tam sahib olabilmədiyin potensialın heç vaxt var olmamış kimi yox olur. O an hissedilə biləcək bir duyğu yoxdur, çünki varolan ən güclü duyğu belə bu halda yetərsiz qalır. Elə Oblomovun üzləşdiyi vəziyyətdə duyğularından istifadə edə bilməməsi kimi. Hər nə qədər bu qəhrəman sonda uğuru və xoşbəxtliyi tapmağı bacarmasa da, ondan tənbəlliyin nə qədər təhlükəli ola biləcəyini də öyrənmiş oluruq. Lakin bununla tənbəlliyin yalnızca mənfi cəhətlərdən ibarət olduğunu iddia etmək doğru sayılmaz. Təkcə tənbəllik deyil bütün duyğu və hislər qədərindən az və ya çox olduqda insan üçün faydasız hala gələ bilir. Bir nüansa da diqqət yetirmək lazımdır ki bütün icad və kəşflər insanın daha rahat yaşaması üçün ortaya çıxıb. Yəni əgər tənbəllik mövcud olmasaydı həyatımızın bir parçası halına gələn bir çox icad indi mövcud deyildi. Tənbəllik hər bir insanda mövcud olan bir xüsusiyyətdir. Sadəcə hər bir insanda tənbəlliyin miqdarı müxtəlifdir. Tənbəlliyə yeni bir baxış bucağı qazandırmaq adına “tənbəl insanların heç bir məşğuliyətə sahib olmamasıyla bərabər hər günü eyni planlarla keçirən insanları da tənbəl deyə xarakterizə etmək olar mı?” Deyə bir sual yaranır. Nəticədə tənbəl insanlar yeniliklərdən uzaq durub, onlara tanış olan həyatı seçirlər. Hər gün eyni rutinləri təkrarlayan, bugünü dünənindən fərqlənməyən insanların tənbəl olaraq qəbul edəlməmələrinin tək səbəbi “ iş-güc sahibi” olmaqdır mı? Fikrimcə tənbəl bir insan bir işə sahib olub olmaması fərq etməz, bütün həyatı eyni günlərdən ibarət olan biridir. Həyat tərəfindən verilmiş dəyərli günləri yalnızca ayın tarixi ilə fərqləndirməyi bacaran hər insan tənbəldir mənə görə. Və tənbəl insanların uğurlu olub olmadıqlarını bu baxış bucağına əsasən cavablandırsaq, uğurlu olmadıqlarını birmənalı şəkildə demək mümkündür. Hər nə qədər də sualımıza fərqli düşüncələrə görə fərqli cavablar tapsaq da tənbəlliyin bir müddət sonra insan üçün yaradacağı problemləri düşündükdə bundan qurtulmağın ən məntiqli yol olduğu aşkardır. Həmçinin mən tənbəlliyin insanlar üçün real həyata qarşı bir müdafiə rolu oynadığını düşünürəm.

Bəs tənbəllikdən qurtulmaq insanın öz əlindədir mi? Yoxsa tənbəllikdən qurtulmaq mümkün deyilmi? Açıqcası mən insanın istəyib də bacarmadığı bir şey olduğuna inanmıram. İnsanlar sadəcə həyatlarının böyük bir qismində onlarla bərabər olan vərdişlərini unutmaqda çətinlik çəkə bilirlər. Tənbəllik də bir növ vərdiş olduğu üçün qısa zaman ərzində bundan qurtulmaq mümkün deyil. Lakin davamlı olaraq tənbəlliyi azaltmaq və ya yox etmək üçün edilən cəhdlər əlbəttə ki bir nəticə verəcəkdir. Əks halda insan bunun üçün heç bir cəhd göstərmədikcə, “nə vaxtsa edərəm” deyə düşünüb öz zəif cəhətlərindən davamlı olaraq qaçmağa çalışdıqca mübarizə etmək daha da çətinləşir. Tənbəlliyin çox aldadıcı bir xüsusiyyəti vardır ki, o da heç vaxt doğru zamanın gəlməməsidir. Gələcəkdə hər hansı bir zamanda insanların etməli olduqları işlərin vaxtı nə təsadüfdür ki heç vaxt gəlib çatmır. Zehində hər zaman “ nə etməliyəm?” sualına bir cavab var, lakin bədəndə zehnə tabe olacaq qədər güc və iradə yoxdur. Belə olduqda da bədən və zehin birlikdə insanı tamamlamaq yerinə sanki iki ayrı müstəqil canlıymış kimi hərəkət edir. Atalar sözlərimizdə də tənbəllikdən bir xeyli bəhs edilir. “Əmək sevincdir, tənbəllik isə ağır bəla.”, “İş buyur tənbələ ağıl öyrətsin sənə.”, “Tənbəllik azar artırar, işləmək canı saf eylər.” kimi nümunələrdən də gördüyümüz üzrə çalışmağın tənbəllikdən hər zaman üstün olduğu qeyd edilir. Daha dərinə getdikcə tənbəllik haqqında fikirlərin daha da müxtəlifləşəcəyi məlumdur.Tənbəlliyin mənfi və ya müsbət cəhətlərini sıralamaqla bitməz. Lakin bunu da unutmamaq lazımdır ki, yaşadığımız dövrdə yalnızca həyatta qalmaq üçün belə mübarizə aparmaq lazımdır. Tənbəlliklə uğurlu olub olmamaq bir yana insan bu şəkildə bütün həyatını davam ettirə bilməz. Tənbəl olaraq uğur qazanmış bəzi insanlar olsa da bu biraz da şans məsələsidir. Zirvəyə qalxmaq tənbəl insanlar üçün hər hansı bir ehtimaldan ibarətdirsə çalışqan insanların uğur faizi hər zaman tənbəllərdən daha çoxdur. Tənbəlliyin sizə qazandırdığını düşündüyünüz uğurları yəqin ki çalışmaqla da qazana bilərsiz, lakin çalışaraq qazanılan heç bir şeyi tənbəl olaraq əldə etmək mümkün deyil. Günümüzdə texnologiyanın bu qədər çox inkişaf etməsi insanların rahat yaşamasına kömək etsə də tənbəlliyin daha çox artmasına da səbəb olur. Gündəlik həyatda insanların yerinə yetirməli olduqları işləri belə texnologiya vasitəsilə dəqiqələr içində həll etmək mümkündür. Hətta yaxın gələcəkdə bir çox sahədə insanlardan deyil də robotlardan istifadə olunacaq. Evdən çıxmadan yerindən tərpənməyə belə ehtiyac qalmadan bütün işləri texnologiyanın həll etməsi keçmişdəki insanların ağlına gələbilməyəcək qədər həqiqətən inanılmaz bir icaddır. Yorulmadan bütün işləri tamamlayacaq bir köməkçinin olması ilk başlarda yaxşı bir fikir kimi görünsə də insanlar bir müddət sonra sahib olduqları həyatın mənasını itirəcəklər. Onlar üçün yaşamaq yalnızca nəfəs alıb verməkdən ibarət olacaq. Müasir texnologiyalar insan həyatının tam mərkəzinə yerləşib onlar üçün lazımi olan hər şeyi həyata keçirirsə bəs onda insanın öz həyatındaki rolu nədir? İnsan öz həyatının idarəsini belə texnologiyaya buraxırsa onda bəs o həyatın hələ də həmin insana aid olduğunu söyləmək olar mı? Həyatları daha da asanlaşdıqca insan artıq qarmaqarışıq zənn etdiyi həyatdan soyumağa başlayır. Möcüzə və sirlərlə dolu olduğunu düşündüyü bu həyatın məgər əslində nə qədər də bəsit və sadə olduğunu öyrəndikdə artıq yaşadığı bu aləmə qarşı olan bütün marağı bir anda yox olur. Hətta belə insanlar üçün yaşayan ölüyə çevrilir demək tam yeridir. İnsanın özü üçün faydalı olduğunu düşündüyü çox şey əslində heç də belə deyil. Sadəcə uzaqdan faydalı kimi görünən bəzi şeylər bir müddət sonra əslində necə də zərərli və təhlükəli olduqlarını göstərirlər. Tənbəllik də bunlardan biridir. Gəldiyindən xəbəriniz belə olmayan lakin sizi heç vaxt tərk etməyən bir xəstəlik kimidir. Əlamətləri çox sonradan üzə çıxır və siz nə olduğunu belə anlamadan özünüzü tənbəlliyin qurduğu tələdə tapırsınız. Sayları az olsa belə tənbəl insanların həyatlarının müəyyən bir hissəsində uğur qazandıqları həqiqətdir. Yalnız tənbəlliyə görə qazanılmış bir uğur nə qədər ədalətli və realdır bu tam olaraq bir sual işarəsidir. Layiqincə çalışaraq uğur qazanmaq varkən tənbəllikdən mədət ummaq mənim üçün çarəsizlik deməkdir. O və ya bu halda çalışmağın önəmi yenə də unudulmamalıdır. İnsan çalışmaqla var olur. Zehin hər nə qədər işlək vəziyyətdə olsa belə bədən ona uyğunlaşa bilmədiyi müddətcə heç bir uğurdan söhbət gedə bilməz. Və əlbəttəki uğurların ən böyüyü də insanın öz mənliyiylə olan mübarizəsini qazanmasıdır.

NƏRMİN HACIYEVA

en_USEN