FALÇI NÖMRƏLƏRİ AXTARAN DİPLOMLU “ZİYALILAR”

İyirmi birinci əsrdə yaşamağımıza və elmin bu qədər inkişaf etməyinə baxmayaraq falçılar hələ də bitib tükənmir. Həmçinin falçıya gedənlərin sayı da azalmaq bilmir. Lakin bu məsələdə ən absurd hallardan biri cəmiyyətitərəfindən `ziyalı` olaraq qəbul edilən insanların bu yalana inanmasıdır. Elmdən kənar olan insanların falçılara inanması bir qədər anlaşıla bilər. Lakin cəmiyyəti təmsil edən ziyalıların bu oyuna aldanması qəbul edilə bilməzdir. Bu sayədə ziyalı olduğunu iddia edən hər hansı birinə artıq inanmaq çətin məsələdir. Ali təhsilli və peşə sahibi insanların falçı qapılarında növbəyə girməsi həqiqətən də utandırıcı haldır. Yaşadığımız dünyanın pislikdən xilas olunmasını, istər istəməz bizə təsiri olan və uzaqlaşmaq istədikdə belə müəyyən qədər həyatımızda rol oynayan cəmiyyətin yaxşılaşmasını ümid ediriksə bunun səbəbi ziyalıların belə problemləri həll edəcəklərinə inandığımızdandır və əgər onlar özlərini belə idarə edə bilməyəcək qədər ağla sahib deyillərsə onda dünyanın gələcəyinə bəslənən ümid də çox mənasızdır. Belə insanlar cəmiyyətin rifahını artırmaq üçün ehtiyac duyduqları zamanı falçılara sərf edirlərsə bizi gözləyən gələcəyin heç də parlaq olmadığı anlamaq üçün zəkaya ehtiyac yoxdur.

 İnsan ağıl və biliyə sahib olmadığı müddətcə istəyir bir yox bir  neçə dənə diplom alsın heç bir faydası yoxdur. Doğrusu ağıldan öncə insanın sahib olduğu bir xarakter olmalıdır. Ki, xarakter yoxdursa nə ağıl dəyərlidir, nə də insanın özü. Ağıllı insanlar çox təhlükəlidirlər. Çünki insanın sahib olduğu ən böyük silah zəkadır. Bu silahı yaxşılıq üçün istifadə edənlər də var pislik üçün də. Əlbəttə ki müəyyən bir xarakterə sahib olan insanlar zəkalarını pislik üçün sərf etmənin mənasız və sahib olduqları zəkaya haqsızlıq olaraq görəcəklər. Bir neçə universiteti bitirib məhz bununla öyünən, lakin heç bir zəka qırıntısına və dəyərə sahib olmayan insanlar da var, universitetin ona uyğun olmadığını və lazımlı bilikləri buradan ala bilməyəcəyini düşünən özünü inkişaf etdirməklə məşğul olan insanlar da. Ümid edirəm ki, bu cümlədə işlətdiyim `zəka` sözünü yalnızca universitet dərslərindən ən yüksək balı toplamaq üçün lazım olan təhsillə qarışdırmadınız. Çünki zəkalı və təhsilli tamamilə fərqli anlayışlardır. Bir insanın təhsilli olması heç də onun zəkalı, dünyagörüşlü və nümunəvi insan olduğunu göstərmir. Hətta təhsilli olmasına baxmayaraq cahilliyin pəncəsindən qurtula bilməyən o qədər insan var ki. İnsana verilən zəkanın bütün ömrü boyu dəyişmədiyini düşünürəm. İstəyir bir insan bütün ömrü boyu çalışsın yenə də limitlərində dayanacaq və limitli daha yüksək biri onu daim keçəcək. Deyəsən bu da həyatın acı gerçəklərindən biridir.  Ona görə zirvəyə çıxan insanların sayı azalır, bir birini kopyalamağa çalışan insanların sayı isə gettikçə çoxalır. Cəmiyyətdə diplomu olan insanların ağıllı sayılması düşüncəsi nə qədər geniş yayılsa da bu həqiqəti əks etdirdiyi anlamına gəlmir. Çünki zəka əzbər qabiliyyətinin yüksək olmasıyla ölçülmür.

 Falçılara gedənlərin isə müxtəlif bəhanələri var. Hamsının eyni cümlə ilə başlayan bəhanələri özlərinə inandırıcı gəlsə belə necə səmimiyətsiz bir yalan  olduğu aşkardır. `Mən inanmıram amma …` kimi başlayan cümlələrdə `amma` deyildisə bilin ki o cümlənin axırı heç salamat deyil. Həmçinin bu sözün ondan əvvəl gələn cümlənin dəyərini itirməsi kimi bir xüsusiyyəti də var. Yəni əslində `amma`ya qədər deyilən heç bir söz hər hansı bir önəm daşımır. Sadəcə əsas deyəcəkləri sözü yumuşaltmaq üçün bu yoldan istifadə edirlər. Əslində bu cümlələri deyən insanlar özləri belə qəbul etməsələr də bu tip hadisələrə inanırlar. Ki inanmasalar falçı qapılarında niyə zamanlarını boşa istifadə edsinlər axı? Belə insanları daha rahat tanımaq üçün işlətdikləri ifadələri bilmək lazımdır. “İnanmıram amma yalnızca maraq üçün falçıya gedirəm.” “Mən əslində falçıya getmirdim amma dostum elə təriflədi ki sınamaq istədim.” “Yox e, bu falçı hər şeyi düz deyir, gələcəyi görür.” kimi ifadələr bu tip insanların istifadə etdikləri cümlələrdəndir. Gələcəyi görür belə necə də elmdən kənar bir ifadədir. Gələcəyi görmək üçün zamanda yolculuq etmək lazımdır ki fizikaya görə hələ ki belə bir şey mövcud deyil. Yəni falçı məşhur fiziklərdən belə daha ağıllıdır ki gələcəyə səyahət etməyi tapıb hələ üstəlik başqa insanlar üçün gələcəkdən xəbər daşımaq  qərarına gəlib? Əgər gələcəyi görmək mümkündürsə onda insanlar başlarına gələcək olan pıs hadisələrdən qorunmaq üçün tədbirlər görərdilər və belə olduqda da heç kim pis hadisə ilə üzləşməzdi. Lakin insanların üzlərinə belə baxmaq kifayətdir ki həyatlarında necə çətinliklərlə boğuşduqlarını təxmin edə biləsən. Həmçinin hələ mövcud olmamış bir zamanda baş vermə ehtimalı minlərlə bəlkə də milyonlarla hadisə varkən bu falçı necə doğru ehtimalı tapır? Həyatın ancaq gerçəkləriylə üzləşmək lazım olduğunu və xəyalpərəstliyə yer olmadığını iddia edən bu insanlar falçıların həqiqətən də doğruyu bildiklərini mi zənn edirlər? Həyatda heç nə üçün mübarizə aparmamış insanlar talelərinin bir falçı tərəfindən düzələcəyinə mi inanırlar həqiqətən? Bu nağıllara inanmaqdan belə daha qəribə bir düşüncə tərzi deyil mi? Təbii ki bütün bunlar bu məsələnin yalnızca saf olaraq adlandıra biləcəyimiz hissəsidir. Başqalarının pisliyini istəyən və öz həyatında heç nəyə sahib ola bilmədiyinə görə bu yolla öz eqolarını bəsləyən iyrənc insanlar da var. Təbii ki falçıların elədiyi bu qəribə üsullar nə qədər işə yarayır mübahisəlidir, lakin falçıya getməkdəki niyət bir insanı pis vəziyyətdə qoymaq üçündürsə üzr istəyirəm amma belə insanlar bir mənalı şəkildə cəmiyyətdən uzaqlaşdırılmalıdır. Sırf niyətlərini gizlədə bildikləri üçün belə insanlarla eyni cəmiyyətdə yaşamaq necə də iyrənc bir haldır. Doğrusu bu insanların necə özlərinə səbr etdiklərini belə başa düşə bilmirəm. Nə qəribədir ki, bu insanların böyük bir qismi də ziyalı dediyimiz guya elmin işığı uğrunda mübarizə aparan kimsələrdir. Belə insanları gördükdə iyrənmə ilə birləkdə bir acıma duyğusu da baş qaldırır. Həyatlarını özləri o qədər idarə edə bilmirlər ki son çarəni falçılar da görürlər. Hətta belə insanlar bu həqiqəti anlamaq istəməsə belə falçılar ümid tüccarlarıdırlar. Onlara inanaraq gedən insanlara maddi olaraq ziyan vururlar ki hər hansı bir xeyirdən söhbət gedə bilməz. İnsanın ağlı tam da belə situasiyalardan qoruyur onu. Məntiqlə düşünmək və sahib olduqları beyindən istifadə etməyi unutmuş insanları isə falçı qapılarında görmək mümkündür. Falçıya gedən insanları bir yerdə başa düşmək olar amma bu falçıları hansı iddia ilə müdafiə etmək mümkündür? İnsanları aldadan onların pullarını və ümidlərini alıb axmaq yerinə qoyan bu falçılar insani duyğuların heç birinə sahib deyil mi məgər? Bir mənalı şəkildə pul üçün seçilən peşə falçılıq olmalıdır. Özlərini pula satmış insanlar sırasında da birinci yeri falçılar zəbt edir. Bir yalana inanıb ətrafındaki insanları da o yalana inandırmağa çalışan özəl gücləri olduğunu iddia edən bu satıcılar insanlara pul qarşılığında ümid satırlar. Əslində falçılar dələduzlardan fərqsizdir. Sadəcə insanları aldatmaq üsulları fərqlilik göstərir. Hə, birdə insanlar öz istəkləri ilə özlərini qarət etmələrinə icazə verirlər.

Maraqlısı isə budur ki, görəsən falçılar özlərinə və etdiklərinə həqiqətən mi inanırlar yoxsa insanları aldatmaq üçün oyun oynayırlar? Doğrusu falçıların özlərinə inanmaları daha qorxunc bir haldır. Belə insanlar mövcud olduqca cəmiyyət necə inkişaf edə bilər axı? İnanmasalar belə doğru bir peşəyə yönəlməkdənsə bu yolla pul qazanmağı necə qəbul edə bilirlər? Bu gedişlə deyəsən artıq universitetlərdə yeni bir fakültə açılacaq. Asan yolla pul qazanmaq istəyən gələcəyin falçılarına bu peşənin sirlərini bu aləmdə ad qazanmış falçılar öyrədəcəklər. 

Eh, axı kimdə günah axtarasan? Falçıları günahkar hesab etsən bu haqda deməyə hazır cavabları var. “Aldadıramsa bu qədər insan niyə gəlir?” “ Ağılları olsun gəlməsinlər.” deyəcəklər ya da özlərini haqlı çıxarmağa çalışaraq “Mənə belə bir qüvvə bağışlanıb başqaları kimi nağıl danışmıram” deyəcəklər. Falçıya gedən insanları günahkar hesab etsək onlar da “Bəs niyə hamı falçılardadı?” deyə sual verib bu mənasız suallarına özləri cavab tapacaqlar. “Hamı gedirsə deməli nəsə var və mən də getməliyəm” deyəcəklər. Əslində bu verilən sual biraz düşündükdə heç də məntiqsiz sayılmaz. Həqiqətən bu insanlar falçılara niyə gedirlər? Yəni beyinləri onlara həqiqəti göstərib bu falçıların yalnızca hiləbaz olduqlarını bildirməkdə bu qədər mi acizdir? Bir dəfə getməyi səhv olaraq anlayıb güzəşt etmək olar, ikinci dəfəni də hələ səhvini anlamayıb deyə yenə güzəştə getmək olar, üçüncü dəfəsində də atalar üçdən deyib daha falçıdan uzaqlaşacaqlarına ümid etmək olar. Bəs sonra? İnsanlar hələ də israrla bu səhvlərindən geri dönmürlərsə nə etməli? İnsanlar həqiqətən falçıların adi bir insan olduğunu və yalnızca pul qazanmaq üçün bu hiləyə əl atdığını bilmirlər yoxsa bunu anlayıb geri dönməkdən mi çəkinirlər? Doğrusu yaşadığımız dövrdə insanlar öz həyatları ilə bağlı qərarları özlərindən başqa hamını düşünərək hər hansı bir nəticəyə gəldikləri üçün `qurunun oduna yaş da yandı` misalı falçıya gedənlərə ayaq uydurmaq istəyini də düşünə bilərik. Qəribə olan odur ki insanlar intellektuallıq və zəkalarını nümayiş etdirmək üçün heç məlumatı olmayan mövzularla bağlı özünü müdrik biri kimi göstərərkən falçı məsələlərində bu qabiliyyətləri onlardan uzaqlaşır. Artıq bu zaman zəkanın heç bir önəmi olmur və iradəsizlər tale deyə təslim olduqları bəhanələri falçıların düzəldəcəyinə ümid edirlər. İnsanlar fərqində olmasalar da falçılar nə nağıllardaki sehrli əsaları olan pərilər deyil nə də cadugərlar. Adi bir insandırlar və özlərinin iddia etdiyi kimi `magia` ilə heç bir əlaqələri olmayan aldatma bacarığı güclü olan hiləbazlardırlar. Diqqətə alınmasa da falçılara gedən insanların sayı həddən artıq çoxdur. Düşünün, biz yalnızca bunu öz ağızları ilə etiraf edənlərdən xəbərdarıq. Falçıya getdiyini gizlədən hətta bundan utanan və utanmağına baxmayaraq belə hadisələrdən uzaq qalmağı bacarmayan nə qədər insan var. Məncə belə hallarda problem zəkanın günümüzdə yetəri qədər diqqət görməməsindən qaynaqlanır. 

İdeal cəmiyyət ideallığı önəmsəyən insanlardan asılıdır.

İdeal cəmiyyət ideallığı önəmsəyən insanlardan asılıdır. İdeal prinsiplər nəticəsində də ideal insan formalaşır. Yəni əgər bugün cəmiyyətdə hərhansı bir problem varsa bu problemi kökünə enmədən həll etmək düzgün deyil. Deməli ideal prinsiplərdə problem olduğu üçün zəncirin ilk halqası məhz burda qopur. İdeal prinsiplərin vacibliyi əxlaqa verilən önəmə bərabərdir. İnsan həyatının ideal olub olmaması isə yalnızca göstərişdən ibarət deyil. İnsanlar başqalarını istədikləri kimi aldada bilərlər. Bəs sıra özlərinə gəlib çatanda necə? Hərkəs özünün çox zəkalı olduğunu düşünür. Heç kim başqasının ondan üstün olduğu həqiqətini qəbul edə bilmir. Beləliklə əsas prinsiplərdən biri yox olur, yerini kin və qisqanclıq alır. Özünü hər şeydən və hərkəsdən üstün hesab edən insanın gözlərini kin bürüyür və beləcə o ətrafında baş verənləri belə görmür, bütün hadisələrə öz baxış bucağından baxaraq yanlış dəyərləndirmələr edir. Belə insanı aldatmaq isə olduqca asandır. Çünki kin həmin insanı bir müddət sonra idarə etməyə başlayır. Yanlış bir addım və ya yanlış bir qərar bu insanı çıxılmaz bir problemlər yumağının içinə sürükləyə bilər. Bu yoldan geri dönmək isə olduqca çətin hətta mümkünsüzdür. Kin isə ümumiyyətlə daha çox iki insan tipində olur. Birincisi pulu ikincisi ağlı çox olanın. Pul və ağıl həqiqətən təhlükəlidirlər. Hələ onlardan düzgün istifadə etməsini bilməyən insan üçün ölümcül bir təhdidə çevrilə bilərlər. Eynən ziyalı insanların falçı yollarına sürükləndikləri kimi.

NƏRMİN HACIYEVA

en_USEN