HANSI İXTİSASLARI SEÇƏK Kİ, ÇOXLU PUL QAZANAQ?

Çox vaxt cəmiyyət içərisində insanların iş və peşələr haqqında müzakirələrinin şahidi olursunuz. Ən sadə misal kimi valideynlərinizin dilindən “xalxın uşağı” ifadəsini tez-tez eşitdiyinizə əminəm. “Filankəs bilirsən, nə qədər pul qazanır?”, “universitet də oxumayıb e, amma sən oxusan da diplomun bir işə yaramır”, “pulunu balta kəsmir”, “vaxtında düzgün ixtisas seçsəydin..”.. Ümumiyyətlə, yalnız valideynlər deyil, həyatımızın bir dönəmindən sonra hamımız ixtisasımızı, məşğul olduğumuz işi sorğulamağa başlayırıq. Həqiqətən yaxşı qərar verib-vermədiyimiz bütün həyatımıza öz təsirini göstərir. Yazımızda məhz, vaxtında düzgün ixtisas seçimindən danışacağıq. Əgər siz də universitet və ya ikinci təhsil seçimi etməyi düşünürsünüzsə, bu yazı məhz sizə görədir.

İlk olaraq, bunu nəzərinizə çatdıraq ki, düzgün peşə seçmək həyatda olan ən vacib seçimlərdən biridir. Bu elə bir seçimdir ki, həyatınızın çox hissəsini bu peşəylə məşğul olacaqsınız, hər gün ən az 8 saat özünüzü bu işə həsr edəcəksiniz, həftənizin böyük bir bölümü iş olacaq. Təbii ki, mən bunu gözünüzü qorxutmaq üçün demirəm. Ona görə də zamanında işini uğurla seçən şəxslərə işləmək həmişə cənnət, sadəcə diplom xətrinə seçənlər üçün isə cəhənnəm kimi görünür. İxtisas seçimində yanılmaq da dünyanın sonu deyil, amma gələcəkdə yeni ixtisas seçmək sizə vaxt itkisi yarada bilər. Bu səbəbdən sizin üçün uyğun ən gəlirli ixtisası ilk seçiminizdən etmək daha faydalıdır. Karyeranızı nə qədər sağlam və düzgün addımlarla başlasanız, bu sizə sonrakı illərdə xeyli yardımçı olacaqdır.

İxtisasımızı seçərkən bir neçə məqama diqqət yetirmək vacibdir. İlk öncə, yaşınızdan asılı olmayaraq özünüzü sorğulamalısınız. Bunu başlanğıc mərhələ olaraq da qəbul etmək mümkündür. Sizə həyatda nəyin lazım olduğunu, həyatdan nə istədiyinizi, gələcəkdə nələrə fokuslanmaq istədiyinizi dərk etməyiniz peşə seçməkdə əsas rol oynayır. Sırf “diplomum olsun” deyə hansısa ixtisasa yiyələnmək həm sizin şəxsi həyatınız, həm də yaşadığınız toplum üçün həddindən artıq təhlükəli bir addımdır. Hər zaman xatırlamalısınız ki, gördüyü işi sevməyən adamın nə cəmiyyətə, nə özünə heç bir xeyri olmayacaq. Əgər xəyalınızda çoxlu pul qazanmaq varsa, bunu öz işinizi sevərək və zamanınızı düzgün bölüşdürərək daha yararlı hala gətirə bilərsiniz. İstənilən halda çoxlu pul üçün çoxlu çalışmaq düşüncəsi də doğru deyildir. Əgər siz 7/24 çalışacaq və şəxsi həyatınıza vaxt ayıra bilməyəcəksinizsə, bu sizi yoracaq və hətta sevdiyiniz iş belə olsa, bir müddətdən sonra sizi bezdirəcək.

Ona görə də, ilk mərhələdə məqsədinizi ortaya çıxarmalısınız. “Mən nə istəyirəm?” sualını verməlisiniz. Çoxlu pulu gün ərzində aktiv və ofisdən kənar çalışaraq, yoxsa ofis daxilində işləyərək qazanmaq istədiyinizi aydınlaşdırmalısınız. İkinci mərhələ isə, artıq həmin seçimə uyğun ixtisasları nəzərdən keçirərək, əsas seçimə doğru irəliləyirsiniz.

Seçim edərkən nəzərə alın ki, çoxlu pul qanamaq üçün elə bir ixtisasa sahib olmalısınız ki, insanların ona çox ehtiyacı olsun. Öz lazımlılığını insanlardan alan, insanların tələbatından qidalanan ixtisaslar heç bir zaman məhv olmur. İnsanın ehtiyacı olan sahələr heç bir zaman köhnəlmir, geriləmir və yerini digər hər hansı peşəyə vermir. Məsələn, suya çox ehtiyacımız var, onun qiyməti 1 manatdır. Əgər sabah oyananda suyun qiyməti 100 manat olarsa, biz yenə də həmin suyu alacağıq, çünki ehtiyacımız var. Bəzi ixtisaslar da misalda göstərilən kimi bir növ “su” solunu oynayır. Seçimlərinizdə əsas yeri əvəzlənə bilməyən və sahə olaraq monopoliya yaradan ixtisaslara verməyiniz mühüm əhəmiyyət daşıyır. Hər ixtisasda müəyyən boşluqlar var və hətta sahəsi üzrə ən mükəmməl olan şəxslər belə o boşluqlara sahib olur. Məqsədiniz insanların ehtiyacı olan həmin boşluqları tapıb, onu öz xeyrinizə istifadə etməkdir.

Həmçinin, ixtisasınızda diqqət verməli olduğunuz bir məqam da var. Sabit maaşlı işlər hər ay əlinizə sabit qazanc gətirəcəkdir. Hər zaman sabit maaşlı işinizdən əlavə sərbəst qrafikli çalışa biləcəyiniz ixtisaslara da üstünlük verməniz, sizə həm daha çox nailiyyət, həm də artıq pul qazandıracaqdır. Aylıq əmək haqqınızın olması sizi risklərdən sığortalayacaq, əlavə işlər götürməniz isə büdcənizə müsbət təsir göstərəcəkdir. Sərbəst işləmək üçün uyğun olmayan işlər sizə heç bir yenilik, qazanc gətirmir və gətirməyəcəkdir.  

Eyni zamanda, artıq işəgötürənlər lazımı sahələr üzrə onu tam qane edən, işinin öhdəsindən lazımca gələ bilən namizədləri daha çox göz önündə saxlamağa çalışırlar. Yenilikçi olmanız sizi işinizdə ön planda qoyacaq, bu da öz növbəsində işəgötürəni sizin tələblərinizə razı olması üçün həvəsləndirəcək. Qazancınızın yüksək olması üçün öz ixtisasınızı dərindən mənimsəyərək, işəgötürənin istədiyini ona verə bilməyiniz mühüm rol oynayır.

Qeyd etdiklərimizi nəzərə alaraq, günümüzdə olan əsas qazanclı və insanlara yararlı ixtisasları aşağıdakı qaydada qruplaşdırmaq olar:

  1. Hal-hazırda, texnologiya sürətlə irəliləyir. Nəzərə alsaq ki, IT (information technology) və onunla birbaşa bağlı sahələr texnologiyanın daha da qabağa getməsi və yeniliklərin inkişafı üçün əsasdır, onların seçilməsi sizin həyatınızda da önəmli rol oynayacaqdır. Günü-gündən yeni məişət avadanlıqlarının yaranması, texnoloji “partlayış”ların olması IT sahəsinin genişlənməsinə və ehtiyacına gətirib çıxarır. Həyatımızın asanlaşmasına xidmət edən bu ixtisas insanların zamanına qənaət etməsinə çox yardımçı olur, o cümlədən, sizin xərclədiyiniz zamanın da pul şəklində geri qayıtmasına tam zəmanət verir. Oturaq və beyinlə birbaşa bağlı olan işlər sizin üçün cəlbedici görünürsə, bu ixtisas seçiminizdə birinci olaraq gəlməlidir;
  2. Tarix boyu insanlar üçün can sağlığı, uzun ömür mülahizələri həmişə ilk sıralarda gəlmişdir. Qurmaq, yaratmaq və başqa ideyaları gerçəkləşdirmək üçün sağlam olmaq çox vacibdir. Bu səbəbdən həkimliyin bütün sahələri sizin üçün ideal ixtisas seçimi ola bilər. Həkim ixtisası illərlə formalaşmış bir nüfuza, dəyərə malikdir. Hər kəs bu peşənin günümüzdə olan vacibliyinin fərqindədir. Son zamanlar, yeni xəstəliklərin yaranması və yayılması bu ixtisasa yiyələnənlər üçün xeyli yeni perspektivlər göz önünə qoyur. Əgər fiziki detaylar, insan anatomiyası və canlı orqanizmlər sizə maraqlı gəlirsə, həkim olmaq həm sizə cəmiyyətdə çox dəyərli bir mövqe, həm də yaxşı gəlir qazandıracaqdır;
  3. Tarix kitablarından, məhşur siyasi xadimlərin və görkəmli liderlərin sitatlarından da məlumatlı olduğumuz kimi dünyanın dünya olaraq yerində hərəkət etməsi üçün əsas ünsürlərdən biri müəyyən sistemləşmənin, qaydaların, kodekslərin mövcud olmasıdır. Bunların hamısının kökündə isə hüquq ixtisası Hüququnu bilməyən, onu müdafiə etməyən, qanuna uymayan bir mühitdə daima çaxnaşma, nizamsızlıq və qarışıqlıq hökm sürür. Bu səbəbdən hüquqşünas olmaq maddi, həmçinin, insanların tələbatı baxımından çox yararlı olacaqdır. Hüquq ixtisası dedikdə, gələcək karyeranızı hüquqşünas, vəkil, hakim və digər hüquqi biliklərə söykənən istiqamətlərdən davam etdirə bilərsiniz;
  4. İnsanlara dünyanı öyrətməyin önəmini özündə birləşdirən müəllimlik ən vacib sahələrdən biridir. Bu ixtisas elə bir sahəni özündə ehtiva edir ki, öyrənərək qazanırsınız, qazanaraq öyrənirsiniz. Öyrətdiyiniz qarşı tərəfin kim olmasından asılı olmayaraq gəliriniz hər bir zaman var və gələcəyinizi maddi baxımdan risklərdən sığortaladığınız sahələrdən biridir. Savadsız bir xalqı məhz etmək asandır, əgər bir xalqın müəllimləri nə qədər çox və nə qədər biliklidirsə, həmin ölkənin insanları da elmli və yıxılmaz olurlar. Çox istiqamətli olması onu cəmiyyət üçün daha da yararlı hala gətirir və hər bir yerdə icra edilə bilməsi müəllim olmağı arzu ediləcək bir ixtisasa çevirir;
  5. Müasirləşməkdə və inkişafda olan ölkələrdə ən çox tələb olan ixtisaslardan biri məhz turizm sahələridir. Hər ay ölkəmizə yüzlərlə turist qonaq gəlir, bu da öz növbəsində, turizm və onunla birbaşa bağlı olan işlərə müsbət təsirini göstərir. Ümumiyyətlə, dünya ölkələrinin inkişaf etməkdə olan tiplərinə digər ölkələrdən turistlər tarixi, yerli şəraiti, xalqı öyrənməyə gəlirlər və bu uzun illər boyunca davam edir. Ölkəmizin qədim tarixə malik olması bu sahəni bizim üçün həmişə aktiv olacaq sahələrdən birinə çevirir. Turistik bölgələr qazanc kimi sizə yüksək dəyər qatması ilə bərabər, ölkənin də inkişafına təkan verir;
  6. Xalqa yararlılıq baxımından quruculuq, yaratma və tikinti sahələri üzrə həvəslisinizsə, sizin üçün ən ideal seçim məhz mühəndislik olacaqdır. Mühəndis ixtisası özü də bir neçə şaxəyə bölünür ki, bu da, seçiminizi məhz özünüzə hər cəhətdən uyğun işə yön verməkdə yardımçı olacaqdır. O qədər də oturaq iş olmasa da, maraqlı və cəmiyyətə böyük qatqısı olan bir ixtisasdır. Nəzərə alsaq ki, ölkəmiz neft-qaz sahəsində yetərincə təkmilləşmiş ölkələr sırasına daxildir, bu sahə üzrə çalışsanız, gələcəkdə daima ehtiyac qarşılayan bir kadr kimi yetişə bilərsiniz.

Bəzən də çoxlarında sual yaradan bir məqama rast gəlirik: Dövlət orqanlarında işləyənlər, həqiqətən, özəl şirkətlərdə işləyən şəxslərdən daha az gəlirə sahibdir. Qətiyyən. Sizi əmin edirəm ki, hazırda ölkəmizdə aparılan yeniləmələr və görülən müsbət xarakterli tədbirlər sayəsində, demək olar ki, iki sektor arasında əmək haqqı baxımından heç bir fərq qalmamaqdadır. Bu isə, sizə seçiminizi yalnız qazanca yox, eləcə də maraq dairənizə uyğun etməkdə yardımçı olur.

Diqqətinizə onu da çatdırırıq ki, sadaladığımız ixtisaslar üzrə həm dövlət orqanlarında, həm də özəl xidmət sahələrində uyğun işlər tapmaq çox rahatdır. Yalnız bir istiqamət üzrə iş yönü olan sahələrdə əlavə işlə məşğul olmaq mümkün olmur, belə sahələrə bankçılıq və onunla bağlı ixtisaslar, incəsənət kimi sahələr aiddir. Çox qazancınızın olması üçün seçdiyinizin ixtisasın da çox şaxəli olması mühüm rol oynayır.

İxtisasınızdan asılı olmayaraq gəlirinizin çox olmasını hədəfləmisinizsə, alternativ üsul kimi hər bir zaman əsas ixtisasdan əlavə, sahibkarlıq fəaliyyəti ilə də məşğul ola biləcəyinizi göz önündə saxlayın. Sahibkarlıq ayrıca ixtisas hesab olunmasa da, gördüyünüz işlə birbaşa bağlı olaraq həm sizin büdcənizə müsbət təsir göstərir, həm də ölkədaxili sahibkarlığın inkişafına şərait yaradır. Bir ölkənin çiçəklənməsi üçün sahibkarlıq da mühüm rola sahibdir. Dünyada olan yeniliklərin ölkəmizə daxil olması və dövriyyəsinin təmini, özlüyündə yüksək qazanc gətirən fəaliyyət növlərindən biridir. Sahibkarlığın da müxtəlif kateqoriyaları və növləri mövcuddur və siz təhsil aldığınız sahədən asılı olmayaraq özünüzə uyğun olan kateqoriyanı asanlıqla seçə bilərsiniz. Bununla yanaşı, sahibkarlığın böyük üstünlükləri olsa da, hər bir halda əsas ixtisasınızın düzgün və sizin maraq dairənizə uyğun seçilməsinə xüsusi diqqət göstərməlisiniz.

Unutmayın, hər peşədə çoxlu pul qazanmaq mümkündür, lakin hər şey yalnız düzgün ixtisas seçməklə yekunlaşmır. İnsan daima yeni axtarışlar etməli və mütəmadi olaraq öz üzərində çalışmalıdır. İxtisas seçimi gəlir qazanmaq yolunda birinci addımdır, məqsədə çatmaq üçün isə həm də bacarıqlı və bilikli olmaq lazımdır. Savadı olmayan işçi həmişə digərlərinin kölgəsində qalır və karyerasında irəliləmək onun üçün çox çətin olur. Əlinizdə olanlardan istifadə etmək üçün kifayət qədər bacarığınız olmalıdır, əks halda, nə ixtisasınızın, nə də biliyinizin önəmi qalmır.

Hörmətlə, Gen Z-dən biri

ru_RURU