ÇOXLU KİTAB OXUSAM AĞILLI OLACAM?

Kitab oxumaq günümüzdə getdikcə yox olan vərdişlərdən biridir. Bir çox insanın kitab oxumamaq üçün cürbəcür bəhanəsi olsa da kitablar çox dəyərli bilik mənbəyidirlər. Hətta insan bir kitabı oxuyub unutsa belə öyrəndiyi məlumatlar zehində qalır və heç nə oxumamış birinə nisbətdə həm baxış bucağı həm də düşüncələri dəyişir. Kitablar insanın özünü inkişaf etdirməsində mühim rol oynayır. İnsanları yalnızlığa sürükləyən bu toplumda özünüzə seçə biləcəyiniz ən yaxşı dost məhz kitablardır. Hətta kitablarla əlaqəli çox sevdiyim bir söz var. Birinci kitabı oxuyan hər şeyi bildiyini zənn edər, ikinci kitabı oxuyan bu barədə şübhəyə düşər, üçüncü kitabı oxuyan isə heç nə bilmədiyini anlayar. Həqiqətən də kitablar möcüzələrlə dolu ucsuz bucaqsız bir aləm yaradır. Bu aləmə baş çəkmək isə insanın öz seçiminə bağlı olan bir şeydir. Və əgər kitabların dünyasına bir dəfə səyahət etdinizsə bir də heç vaxt gerçək dünyaya qayıtmaq istəməyəcəksiniz. Kitablar insana yaşadığı bir həyat boyunca bir çox müxtəlif həyatı da təcrübə etməyə imkan verir. Kitabı oxuyub bitirdikdən sonra isə sanki yaxın bir dostuyla vidalaşırmış kimi hiss edir insan. Eyni zamanda qəribə bir boşluq hissi yaranır. Yeni bir kitaba keçid etdikdən sonra həmin kitabı bitirənə qədər bu hiss yox olur. Məncə kitab oxumağın tək mənfi xüsusiyyəti budur. Axırda hər kitab bitir. Amma nəzərə alsaq ki bir ömür boyunca hamsını oxuyub qutaramayacaq qədər kitab var, onda ən azından oxumağa kitab qalmaması kimi bir problemdən qurtulmuş oluruq. 

Bəs çox gəzən bilər yoxsa çox oxuyan? Bəli, bu məşhur suala hərkəsin fərqli cavabı var. Əlbəttə ki insan gəzərək öyrənilməsi mümkün olmayan məlumatları oxuyaraq və digər halda da gəzərək öyrənir. Ona görə də həm çox gəzən həm də çox oxuyan bir çox biliyə agah olur ki həyat da məhz belə yaşanmalıdır. Gəzərək, oxuyaraq, öyrənərək. İnsan sahib olduğu hər saniyənin belə haqqını verərək istifadə etməlidir. Həyat sonuncu dayanacağa nə vaxt çatacağını bilmədiyimiz qatara bənzəyir. Hərkəsin bu səyahətlə əlaqəli bir fikri var. Lakin dəqiq məlumata heç kim sahib deyil. 

Həyatı xoşbəxtliyi artırmaq üçün deyil, kədər və acını azaltmaq üçün yaşamaq lazım olduğunu düşünən Şopenhauer insanın sənət və fəlsəfəylə maraqlanmasının həyatın monotonluğundan qurtulmaq üçün bir çıxış yolu olduğunu müdafiə edir. Sənət bəzi insanların yaşama səbəblərindən biri olsa da eyni zamanda bəzi insanlar hiss və duyğularını məhz sənət vasitəsilə ifadə edirlər. Yaradılan hər hansı bir sənət nümunəsinin də heyrətləndirici və təsir edici olmasının səbəbi sənətkarın yaşadığı duyğulardır. Nümunə olaraq kitablardaki qəhrəmanlarını göstərə bilərik. Unudulmaz bir obraz yaratmaq üçün yazıçı özündən bir parçasını həmin qəhrəmanda əks etdirir. Bu da bir həqiqətdir ki hissetməyi bacarmayan, kədər və acı kimi duyğularla qarşılaşmayan birinin ərsəyə gətirdiyi sənət özünə məxsus bir möcüzəyə sahib olmaz. Hər hansı bir sənətə xüsusilik qatan sənətçinin bu əsəri yaradan zaman hissetdiyi duyğulardır. 

Bir çox insan oxuduğu kitabı ikinci dəfə təkrar oxumağa ehtiyac duymasa da əslində insan hər oxunuşda fərqli bir baxış bucağı qazanır. Bir kitabı neçə dəfə təkrar oxusanız öncədən diqqət etmədiyiniz və ya gözünüzdən qaçan yeni məlumatlar olduğunu görəcəksiniz. Yaxşı kitablar ikinci dəfə oxunmağa layiqdirlər. Hətta elə kitablar vardır ki siz onu nəinki bir dəfə oxumaqla iki, üç dəfə belə oxusanız sahib olduğu məna dərinliyini anlaya bilməyəcəksiniz. Bəzi kitabları anlamaq zaman tələb edir. Cavankən oxunan bir kitabı yaşlandıqda yenidən oxuduqda zamanın insana nələr qattığı çoz aydın bir şəkildə görünür. Kitab oxuduğunuz zaman yalnız yeni məlumatlar öyrənməklə qalmırsınız, həmçinin həmin kitabın yazıçısı ilə görüşmək fürsəti də əldə etmiş olursunuz. Hər yazıçının sirli dünyası kitablarında gizlidir və məharətli yazıçı da özünü əsərlərində gizlətməyi yaxşı bacarandır.   1 ədəd kitab çapı lazımdır ?

İnsanların maraqlarına uyğun olaraq müxtəlif kitab janrları mövcuddur. Fantastik, klasik, elmi, dedektif bu janrlardan bəziləridir. Janrından asılı olmayaraq hər bir kitab bizə yeni biliklər qata bilər. Bəzi oxuyucular təəssüf ki yalnız klassik kitab oxumaq lazım olduğunu təbliğ edib, digər kitablardan uzaqlaşmağı müdafiə edirlər. Gülməli tərəfi odur ki bu cür “oxuyucular” həyatlarında yalnız bir neçə ədəd klasika oxuyub, bu vasitə ilə özlərini digərlərindən üstün tutmağa çalışırlar. Doğrusu oxuduqları bu klasikləri də anladıqlarını heç düşünmürəm, çünki belə bir düşüncəyə sahib olmaq oxuduğu kitabı anlayan birinə aid ola bilməz. Bunu unutmamaq lazımdır ki hərkəs istədiyi janrda kitab oxuya bilər və buna heç kimin qarışma hüququ yoxdur. 

Bəs kitab oxumağın mənfi cəhətləri var mı? Açıqcası indiyə qədər heç bir oxuyucunun kitablar haqqında hər hansı bir mənfi rəyə sahib olduğu ilə qarşılaşmamışam. Hər hansı bir zərəri olsa belə məncə bu zərəri görməzdən gəlmək üçün yetərincə faydalı cəhətləri mövcuddur. 

Kitab oxumaq zəkanı ədəbiləşdirir. Kitab oxuyan biri ilə oxumayan bir insan arasında çox böyük fərqlər vardır. Öncəliklə kitablar insanın yaşadığı dünyaya olan düşüncə tərzini dəyişdirməyə kömək edir. İnsanın xəyal dünyası daha da inkişaf edir və empatiya qabilliyyəti artır. Kitabda qələmə alınan obrazın keçirdiyi duyğuları onunla birlikdə oxuyucu da hissedir, üzləşdiyi problemlərdə fərqli həll yollarını həmin qəhrəmanla birlikdə tapır. Çox kitab oxumaqdan daha önəmli olan şey oxuduğun kitabı anlamaqdır. Kitabın toxunmaq istədiyi məsələni, obrazların hislərini, yaradılan dünyanı anlamırsa bir insan həmin kitabı oxunduğunu deyə bilmərik. 

Kitab oxumağın alzheimer xəstəliyinə qarşı bir silah olduğu da bir faktdır. Beyini cavan tutmaq üçün kitablar ən yaxşı yardımçılardır. Kitab oxumaq içərisində nə olduğunu bilmədiyiniz otağın kilidli qapısını açmağa sizə kömək edir. Bu qapı açıldıqdan sonra otağa daxil olub olmamaq tamamilə insanın öz seçimidir. Yəni təkcə kitab oxumaq yetməz insana. Daim araşdırmalı, həyata, dünyaya qarşı yaranan suallarına cavab tapmalı, biliyin əsl gücünü kəşf edib ondan yararlanmalıdır. Beyinlərini nadirən istifadə edən toplumun yaydığı qaranlıqdan insan özünü qorumağı bacarmalıdır. Suallarına verilən qısa cavablarla əsla yetinməməli, sorğulamağa davam etməlidir. 

Bu dünyada önəmli olan 3 şey var: pul, zaman və bilik. Bunlardan birini qazanmaq üçün digər ikisindən istifadə olunmalıdır. Bilik qazanmaq üçün pul və zamanını xərcləməlidir insan. Eləcə də digərlərini. Gettikcə birbirinə bənzəyən insanlar arasında öz fərqliliyini qoruyub bacarmalıdır. Nadanlıqla birgə gələn o qaranlığa kitablar vasitəsilə işıq tutmalıdır. Təkcə özünü deyil ətrafındaki hərkəsi məlumatlandırmağa çalışmalıdır. Unutmayın ki bilik paylaşdıqca artır. Öyrəndiklərinizi yalnız özünüzə saxlayaraq əldə etmiş olduğunuz biliklərin paslanmasına səbəb olursunuz. 

İnsanlar boş zamanlarında kitab oxumağa çalışırlar. Amma məncə bu kitablara qarşı edilən böyük bir hörmətsizlikdir. İnsanlar zamanlarını doldurmaq üçün kitabdan istifadə etməli deyil, kitab oxumaq üçün zaman ayırmalıdırlar. Kitablarında sahib olduğu gizli sirləri vardır. Bu sirləri yalnız layiq olan insanlarla bölüşürlər. Ona görə də eyni bir kitabı bəzi insanlar başa düşmür, bəziləri isə çox sevir. Həmçinin insanlar bəzi kitablarla mənəvi bağ da qura bilirlər. Kitablarda yaşananlar öz həyatları ilə oxşarlıq təşkil edirsə və ya hər hansı bir kiçik təsadüf olması belə insanı həmin kitaba bağlaya bilər. Başqa deyişlə kitablar bəzi insanların yaşadığı, bəzilərinin yaşamaq istədiyi, bəzilərinin də yaşamaqdan qaçdığı həyatları təmsil edirlər. 

Kitab oxumaq hərkəsin sahip olması lazım olduğu bir vərdişdir. Yenilənən dünyaya qarşı fikirlərin də yenilənməsi kitablar sayəsində çox daha asan olur. Hər hansı bir məlumatı internetdə araşdırmaq yerinə kitablardan öyrənmək daha faydalı bir üsuldur. İnternet məlumatı daha tez əldə etməyə imkan versə də kitablar vasitəsilə öyrəndiklərimiz daha yadda qalan olur. Həmçinin kitablar daha ətraflı məlumat əldə etmənizə kömək ederkən internet yalnızca spesifik cavablar təqdim edir. 

Kitab oxumağın çox faydalı olduğu elmi faktlarla da doğrulanıb. Kitab oxumaq xəyal gücünü böyütməklə bərabər insanın malik olduğu lüğəti də genişləndirir. Kitab oxuyan insanların nitqinin daha gözəl və səlis olması da məhz buna görədir. Həyatımızın bir parçasına çevrilmiş stressdən uzaqlaşmağın ən yaxşı yolu yenə də kitablardan keçir. Gerçək həyatda yaşadığımız stressdən uzaqlaşaraq tamamilə xəyali bir aləmə səyahət etmək gündəlik həyatın problemlərindən biraz olsun belə qurtulmağa kömək edir. Açıqfikirli olmaq da bu faydalardan bir digəridir. Təəssüf ki iyirmi birinci əsrdə yaşamağımıza baxmayaraq hələ də insanların necə yaşadıqları və necə bir həyata sahib olduqları bəziləri üçün “qınaq obyekti”nə çevrilməyə səbəb olur. Təbii ki kitab oxuyan biri zamanının digər insanlara xərcləyəməyəcək qədər qısa olduğunu bilir və yalnız öz həyatına fokuslanır. Həmçinin kitablar sayəsində insanlarla empatiya qurmaq daha da asanlaşır. Kitab qəhrəmanının yaşadığı hadisələrə göstərdiyimiz reaksiyalar, onlar üçün bəzən kədərlənib bəzən də xoşbəxt olmağımız empatiya qabiliyyətimizi artırır. 

Günümüzdə hərkəs tərəfindən tanınan uğurlu insanların həyatlarına nəzər yetirdiyimizdə onların da kitab oxuduğunu görmək mümkündür. Belə insanların ortaq özəlliklərindən biri həyatlarının mərkəzinə kitabları yerləşdirmiş olmalarıdır. Kitablar insanın uğur qazanmasında vacib rol oynayır. 

Kitab oxumağın insana qazandırdıqlarını saymaqla bitirmək mümkün deyil. Problemlərə sürətli bir şəkildə çıxış yolu tapmaq, düşünmək, bəsit kimi görünən lakin əslində çox qəliz cavabları olan sualları cavablandırmaq, insanın sahib olduğu zəkasını daha da mədəniləşdirmək məhz kitabların insanlara qazandırdığı xüsusiyyətlərdən bir neçəsidir. Kitablar həmçinin ruhu diri tutmağı da bacarırlar. Duyğuların uyuşduğu və süniləşdiyi bu dövrdə kitabın insana yaşatdığı hislərdən daha real nə ola bilər ki? Kitablar insanca bir həyata sahib olmaq və yaşamaq üçün bizə ən yaxşı yol göstəricidirlər. Həyatın sahib olduğu məna dərinliyini, ətrafımızda baş verənləri, insanları hətta özümüzü anlamaq üçün belə kitab oxumalıyıq. 

Açıqcası mən insanın oxuduğu kitabların bir yerə qədər onun həyatına qeyri iradi də olsa təsir etdiyini düşünürəm. Oxuduğu kitablar insanın düşüncələrini formalaşdırır, düşüncələr həyatını və həyatı da insanı tamamlayır. Yəni kitab oxumayan biri həyatını yetərincə yaxşı yaşamağı bacarmır. Bəlkə xoşbəxtliyi kitab oxumaqla tapmaq olmur, lakin kitab oxumadan xoşbəxtliyin sizə baş çəkəcəyini və daha yaxşı bir həyata sahib ola biləcəyinizi düşünmək nağıllara inanmağa bərabərdir. 

Kitab oxumaq hər hansı bir istedad tələb etmir. Kitab oxumaq üçün meqa zəka olmağa da ehtiyac yoxdur. Kitablar hərkəsin əldə edə biləcəyi və içərisindəki məlumatlardan yararlana biləcəyi mənbələrdir. Lakin insanlar yenə də kitablardan uzaqlaşmağa çalışırlar. Müxtəlif bəhanələr yaradaraq kitab oxumağı davamlı olaraq ləngidirlər. Hər şeyi əldə etməyin bu qədər asan olduğu dövrdə kitablardan istifadə etməmək yalnızca insanların öz seçimləridir. Elmin bu qədər inkişaf etdiyi  zamanda insanların kitablardan qaçması da digər təzad təşkil edən məsələlərdən biridir.  

Bakıda ən sərfəli çap mərkəzini tanıyırsınız?

NƏRMİN HACIYEVA

ru_RURU