NECƏ EDƏK Kİ, KİTAB OXUMAQ VƏRDİŞİNİ FORMALAŞDIRAQ?

Susan Wiggs deyir ki, kitab oxuyursunuzsa, əsla yalnız deyilsiniz. Kitab oxuyanlarla həmsöhbət olanda bir-birindən fərqli və maraqlı hekayələrlə tanış oluruq. Onların kitablarla tanışlıq hekayələri lap bir cütlüyün tanışlığı qədər maraqlı və vacibdir. İnsan bir dəfə kitabla tanış olandan sonra onunla ayrılmağı çətindir. Bəs kitablarla harada, necə tanış olaq? Ya da tanış olmaq kifayətdirmi? İnsan ətrafındakı ən yaxın beş adamın ortalamasıdır, deyirlər. Bu məntiqlə götürəndə deyə bilərik ki, bizim tanışlığımız birazda düşdüyümüz ətrafla birbaşa əlaqədədir. Tanışlıq hekayələrindən ən məşhurları yəqin belədir; evində kitabxanası olan, kitab hədiyyəsi alan, məktəbdə geniş və maraqlı kitablarla dolu bir kitabxanaya malik olan və s. Ancaq tanışlığın nə formada olması onu daimi etmir. Onda yeni bir sual yaranır, hansı tanışlıq daimidir? Bu sualı natamam hesab etmək olar, aydın olanda ki, qarşılıq olaraq heç vaxt tam dolğun bir cavab verilməyəcək. Çünki heç nə vərdiş halına çevrilmədikcə daimi olmaz. Bütün məsələnin açarı da budur; vərdiş! Vərdiş qazanmağın çoxlu yolları olsa da, effektiv olanı azdır və onu hər zaman alındırmaq müşgüldür. Biz bu gün burada oxu vərdişindən danışırıqsa, deməli özümüzdə, yaxud genetikamızda oxumaqla qohum olan bir temperamentimiz olmalıdır. Olmadığı təqdirdə vərdişi qazanmaq mümkün olsa da, uzun müddət və səbr tələb edəcək. Yaşlı nəslin daha çox işlətdiyi məişət üslubundakı “canında var” ifadəsi indiyə qədər yazılanların xülasəsidir. Əvvəlcə, özümüzlə tanış olmalıyıq. Buna görə də tanış olduğunuz kitabları başqaları tərəfindən gələn iradlarla müqayisə etməyin. Siz hamıya görə ən pis kitabı alıb bəyənə bilərsiniz, yaxud, tam tərsi, hamının bəyəndiyi kitab sizi özünə çəkməyə bilər. Bu sizin zövqünüzə görə yox, ilk zamanlar mütaliə təcrübənizlə də birbaşa əlaqəli olur.

Vərdiş qazanmaq üçün ilk addım oxuyacağınız ilk kitabı tapmaqdır. Əvvəlcə bir çoxları kimi əgər film pərəstişkarısınızsa, sevdiyiniz filmlərin janrında kitab seçə bilərsiniz. Bu metod yarı-yarıdır, işə yaraya da bilər, yaramaya da. Oxuculardan bəziləri deyir ki, komediya filmlərini sevsələr də, kitabda oxuyanda onlara gülməli gəlmir. Bəziləri isə tarix, bioqrafiya filmlərini sevir və bu janrda kitablar da onlara eyni təəssüratı  bağışlaya bilir. “Filminə baxaq, ya kitabını oxuyaq?” müzakirəsi indi çox məşhurdur. Bu müzakirənin sonu yoxdur, ancaq keyfiyyətə görə cavab tapıla bilər. Məsələn, Patrick Süskindin “Qoxu” kitabı və filmi insanları ikiyə bölmüşdü. Amma belə qənaətə gəlindi ki, ümumiyyətlə, hissiyyatla bağlı mövzular filmdə daha yaxşı öz əksini tapır, kütlə tərəfindən anlaşılan olur. Təsvirlərin daha çox olduğu hekayələr isə kitaba daha çox yaraşır. Təsvirləri oxuduqca insan beynində canlandırmağa çalışır. Bəlkə də oxucu olmağın həzzi də bundadır.

İlk kitabı axtardığınız yolda oxuduğunuz ixtisas da sizə kömək ola bilər. İxtisasınızın nə olmasından asılı olmayaraq indi hər sənəti bədii dildə bizə çatdıran kitablar var. Hətta bəziləri seriyalar şəklində də çıxır. Məsələn, “Musiqi 101”, “Memarlıq haqqında 100 şey” və s.

Artıq “kitab oxumaq üçün ədəbiyyatçı, filoloq olmaq lazımdır” ifadəsi qaldı geridə. İndi hər bir peşə insanı rahatlıqla özünə uyğun kitab tapa bilər. Heç özünün də axtarmağına ehtiyac yoxdur, kitabxanalarda istər fiziki, istərsə də virtual olaraq kitabxanaçılar bizim yerimizə axtarış edib nəticəni göndərirlər.

Oxuyacağımız ilk kitabı axtararkən məcbur deyil ki, gedib cildli və bahalı kitab alaq. İkinci əl və kirayə kitab verən səhifələrdə indilərdə çoxalıb. Artıq demək olar ki, iki kitabevindən birində kitablar kirayəyə verilir, ikinci əl rəfi olur.

Oxucuların təcrübələrindən çıxış edərkən qarşımıza çıxan ən effektiv üsul isə budur; ilk kitabınızı axtararkən uşaq vaxtı sizdə xoş xatirələr qoyan kitabı ala bilərsiniz. Bir çox kitabın həm uşaqlar, həm də böyüklər üçün versiyaları var. Yəqin ki, məktəb illərində biz çox məşhur kitabları ixtisarla oxumuşuq. Çox yaxşı və sevgi ilə xatırladığınız bir dövrdə oxuduğunuz kitab, çox sevdiyiniz birisi tərəfindən alınmış hədiyyə, məzmununu danışmaqla sizə əla qiymət qazandırmış, yaxud da oxuduğunuz zaman xəyallar aləmində səyahət etdirmiş həmin kitabı tapa bilərsiniz. Bəzən həmin kitabın tam mətni, yaxud da böyüklər üçün versiyası olmur. Onda elə oxuduğunuz kitabı almağınız yaxşıdır. O kitabı başdan sona qədər oxumasanız belə, vərəqləməyiniz kifayətdir. Sizi o şad və qayğısız dövrlərə aparacaq, tanımadığınız başqa kitablarla da bağ qurmağınıza kömək olacaq.

Bir hərəkət, reaksiya, yaxud iş başlayana qədər çətindir. Başladığınız zaman sizi içinə alır və çətinlik diqqətdən kənarda qalır. Oxumaq da belədir. İlk kitabı tapmaq, onu oxumaq və bitirmək çətindir. Kitabınızı tapıb aldıqdan sonra da davam edən bir prosses var. Kitabı necə oxumalısız, ya da siz necə oxuyacaqsız?

Kitabı birinci dəfə oxuyanda bütün üsulları tapmaq mümkün deyil. Ancaq sadələrindən başlaya bilərsiniz. Məsələn, sizin üçün sevdiyiniz cümlələrin altından xətt çəkmək asandır, ya həmin yerə rəngli kağız yapışdırmaq? Bəlkə də heç sevdiyiniz cümlələri görmək üçün nəsə etməyə ehtiyac hiss etməyəcəksiniz.

Hər bir halda bütün bunlar oxuduqca, mütaliə təcrübəniz artdıqca anlayacağınız şeylərdir. Əsas oxuyacağınız ilk kitabı tapmaqdır.

Vərdiş qazanmaq üçün ikinci addım kitabı nə zaman və harada oxuyacağınızdır. Mütaliəsi çox olan oxuculara nəzər yetirəndə görürük ki, əsas kitabı oxuduğumuz zamandır. Məkan isə mütaliə müddətinin çoxluğu ilə düz mütənasibdir və xarakterlərlə rəngarəngləşir.

Siz ilk kitabınızı oxumağa sevgi və həyəcanla başlasanız belə, çox güman günün bəzi zamanları həvəsiniz daha azalır, digər zamanları isə daha çox ona sarı qaçmağa meyilli olursunuz. Oxucuların əksəriyyəti gecələr rahat oxuya bildiklərini qeyd edirlər. Bu yaşadıqları mühitlə birbaşa əlaqəlidir. Valideyn olan oxucuların kitab oxuduqları zaman dilimi uşaqlarının yuxu rejimləri ilə uyğunlaşır. Yuxudan oyanmamış və ya yuxuya gedəndən sonra. Məktəblilər, tələbələr və iş adamları isə daha çox nahar fasilələrində, dərs bitdikdən sonra kitabxanada oxuduqları ilə bağlı məlumatı qeyd ediblər.

Hər-halda oxu zamanı individualdır və insan özü müəyyənləşdirməlidir. İnsan ilk oxumağa başlayan zaman fikri tez dağıla bilir, buna görə də özünə daha sakit və insanların az olduğu saat dilimi tapsa, məqsədəuyğun olar. İş və həyat şəraitindən fərqli olaraq bu saat dilimləri dəyişə bilər.

Sizə uyğun olan saatı tapmaq qızıl qaydadır. Çünki hər şey o saatdan sonra başlayır. Vərdiş, bir fəaliyyəti hər gün eyni saatda etdiyiniz zaman uğurla nəticələnir. Buna görə də tapdığınız o saat sizin üçün dəyərlidir. Hər gün, yaxud özünüz üçün müəyyənləşdirdiyiniz oxu günlərində eyni saatda yeni məlumat almaq, mütaliə etmək beyinə verilən ən böyük mesajdır. Günün eyni saatında mütəmadi olaraq şüadan, səs-küydən uzaqlaşaraq kitab oxumaq, gözləri və zehni masaj etdirir.

Yuxarıda qeyd etdiyimiz ən çox seçilən zaman diliminin gecə olmasının səbəbi də bu rejimlə əlaqəlidir. Dövrdən dövrə gün içində etdiyimiz məşğuliyytlərin yekunlaşma saatı dəyişə bilər. Yaxud gün ortasında fasilə vermək iş-dərs baxımından çətinlik yarada bilər. Amma gecələr, yatmazdan öncə kitab oxumaq – neçə səhifə, yaxud dəqiqə, sizdən asılıdır – hər kəsin həyatında baş verməyə ən münasib rejimdir.

Sizə uyğun olan saatı tapmaq qızıl qaydadır. 

Deyə bilərik ki, insanların çoxu yatmazdan öncə telefonuna nəzər yetirir. Oxucular, sadəcə, telefonla kitabın yerini dəyişdirərək özlərinə yeni pəncərə aça bilirlər.

Vərdiş qazanmaq üçün hələ ki son addım pullu, yaxud pulsuz – seçiminizdən asılıdır – bir kitab klubuna üzv olmaqdır. Vatsap, telegram, instagram və bir çox şəbəkələrdə birgə oxu klubları yaradılır. Bu klublarda aylıq oxuyacağınız kitab və ya kitablar sizin də səsvermənizlə seçilir. Siz o kitabı oxuyub ay sonu mütləq seçilən gün və saatda digər iştirakçılarla birgə virtual, yaxud da canlı şəkildə müzakirə etməlisiniz.

Biz insanların qəribə xüsusiyyətidir bu; özümüz özümüzdən əvvəl, başqalarının tələblərini yerinə yetiririk. Ona görə də bu xüsusiyyətimizi müsbət bir hadisəyə çevirə bilərik. Bu tip klublar bizi məsuliyyətə çağırır və sövq edir ki, ay sonu bizə deyilən, qarşımıza qoyulan həmin kitabı oxuyaq. Hər ay üçün qoyulan bu kitablar ilə on iki kitab edə bilər, amma kitablar aləminin möcüzəsi də elə burada başlayır.

Bir kitabın ki, üzünü açdınız, özündən də böyük sirli aləm açılır. Kitabı oxuduqca, gözünüzə ilişən bir söz, kitabın içində keçən bir yazıçı adı, yaxud bir başqa əsər sizi hansısa diyarlara səyahətə çıxarır. On iki kitab qarşınıza qoyulursa, siz də bir o qədər kitabın qarşına keçirsiniz.

Vərdiş qazanmaq üçün daha bir addım – bir kitab klubuna üzv olmaqdır

Hədiyyə bir addımı da sizinlə bölüşməsəm, sağollaşmaq günah olar.
Bu elə bir addımdır ki, bu addımsız o birilərinin heç bir gücü yoxdur. Bu, yazmaqdır! Eşitməmiş olmazsınız, “söz uçar, yazı qalar” deyiblər. Elə isə oxuduqlarınızı həmən sonra köçürün ağ vərəqlərə. Oxucuların məşhur təhlil-hesabat dəftərləri olur. Hal-hazırda bu dəftərlər “bullet journal” adı ilə çox gündəmdədir. Bu adın özünü də yazaraq həm YouTube platformunda, həm də digər sosial şəbəkələrdə bir-birindən rəngli, ürəkaçan və həvəskar nümunələrlə qarşılaşa bilərsiniz.

Ümumiyyətlə, bir neçə şeyi bu çətin və qarışıq həyat yolunda yadda saxlamaq üçün qeyd aparmağa ehtiyac duyuruq. Kitab oxumağa yeni başlayanlar üçün tövsiyyə etsələr də, zənn edirəm ki, illərin oxucularının da heç itirmədiyi bir vərdişdir kitab təhlilini yazmaq.

Oxuduğunuz kitabın kiçicik, bir abzas da olsa təhlilini yazmaq, illər sonra da həmin kitabı çox yaxşı xatırlayacağınıza zəmanətdir. Həm də həmin təhlillər zamanı siz, bəzi məsələləri daha aydın müşahidə edə bilirsiniz. Bu məsələlər sizin uzun mütaliə yolunuzu işıqlandırar.

Təhlili yazdığınız zaman ən çox fikir verdiyiniz və yer ayırdığınız hissələrə diqqət yetirə bilərsiniz. Həmin mövzunu daha çox bəyəndiyinizə dəlalət edər və sonrakı kitablarınızı həmin mövzuda seçə bilərsiniz. Həmçinin, yazdıqca qeyd etdiyiniz nüanslar digər kitabda da diqqətlə yanaşmağınıza səbəb ola bilər.

Bir kitabı oxumaqla, təhlil aparmaq üçün oxumaq arasında da çox fərq var. Kitabı oxumaq, bitdikdən sonra kənara qoymaq və onunla bitən kimi sağollaşmaqdır. Çox-çox bəyənməmisinizsə, ağlınızda belə qalmayacaq çox güman. Anca təhlilini yazacağınızı bilə-bilə oxuduğunuz kitabın artıq məsuliyyəti var. Hər bir sətrini daha diqqətli və aramla oxuyacaqsınız. Axı, axırda təhlilini yazacaqsınız. Kitabı bitirdikdən sonra təhlilini yazana qədər neçə təhlillər beyninizdə var gəl edəcək. Belə-belə kitablarla yaxınlaşıb dostlaşacaqsınız.

Daha açıq desəm, bir kitabı təhlilini yazmaq məqsədilə oxumaq, o kitabı daha diqqətlə və incəliklə oxumaq, kitabın hər bir sətrində qeyd aparmaq deməkdir. Təhlil yazmaq, sadəcə, özündə kitaba dəyərini verərək oxumağı deyil, həm də gələcək kitablarla tanışlıq qurmağı da özündə ehtiva edir.

Kitab insanın dostudur. Ona minbir qapı açan, onu fərqli həyatlar, fərqli aləmlərlə tanış edən bir dost. Bu dost sizinlə ömür boyu birlikdə olacaq və sizi hər halınızla qəbul edəcək. Sadəcə, o dosta bir əl uzatmaq, şans vermək lazımdır. Əlinizi uzadanda ovcunuza qoyulan çiçəklərin qoxusu sizi ömür boyu valeh edəcək!
Kitabla və əsənliklə qalın!

SİTARƏ VÜSAL

azAZ