1920-ci ildə bolşevik istilasından qaçarkən iki nəfər Lahıcda saxlanmaq məcburiyyətində qalmışdı. Qonaq olduqları evin kiçik kitabxanasında bu iki şəxsdən birinin diqqətini Firdovsinin “Şahnamə”si çəkir və ev sahibindən icazə istəyib oxumağa başlayır. Ən çox marağını cəlb edən isə “Siyavuş” dastanı olur. Əvvəldən də bu dastana aşina olmasına baxmayaraq bu dəfə dastanı başqa cür anlayır və təkrar-təkrar oxuyur. Sonra isə öz əsrinin Siyavuşunu yazmaq qərarına gəlir. Təbii ki, bunu eşidən dostu təəccüblənir. Hər an hücuma məruz qala biləcəkləri bir vaxtda dostu yazı yazmaq istəyirdi.
Bəs kim idi belə məqamda yazmaq istəyən? Onu nə vadar edirdi belə məqamda yazmağa? “Şahnamə”də yer alan “Siyavuş” dastanı ilə öz dövrü arasındakı əlaqə nə idi?
Bəli, bu şəxs Məhəmməd Əmin Rəsulzadə idi. Əvvəldən də oxumasına baxmayaraq, “Siyavuş” dastanı ilə Azərbacanın Cümhuriyyəti arasında olan uyğunluqları həmin anda anlamışdı Rəsulzadə. Bəlkə də ona görə həmin zamanda qələmə almışdı “Əsrimizin Siyavuşu”nu. Vaxt itirmək istəməmişdi bəlkə də. Özünün də qeyd etdiyi kimi 1920-ci ildə yazdığı “Əsrimizin Siyavuşu” ilə ayrı bir zamanda yazdığı arasında fərq olacaqdı. Rəsulzadə bu fikirlərini belə ifadə edir:
“Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi, fəqət o zamankı hal, ruh halı və vəziyyət bir daha geri gələməz. 1920-ci ildə Lahıcda qaçaq bir həyat yaşayan Əli Məhəmmədoğlunun (saxlandığı zaman daşıdığı gizli ad) əsəri ilə 1923-cü ildə İstambulda yaşayan Məhəmməd Əmin Rəsulzadənin əsəri arasındakı fərq aşkar olsa gərək.”
Rəsulzadə bu əsərin əksər hissələrini Nihal dağının gözəl mənzərəsinin, Girdiman çayının gecə ay işiğındakı axıntısının müşayiəti ilə yazmışdır. Bu şərait Lahıcda saxlandığı evlərdən birində olmuşdur və o zamankı ruh halını ən gözəl ifədə edə biləcəyi yer hesab etmişdir oranı. Əsəri ayrı bir evdə başa vurmaq məcburiyyətində qalır və Lahıcdan ayrılarkən əsas nüsxəni qonağı olduğu kəndliyə vermişdi. Çünki baş verə biləcək hansısa qəza nəticəsində əsərin əlavə bir nüsxəsini saxlamağı lazım bilmişdi. Əsərin orjinal nüsxəsinə 3 il sonra qovuşan Rəsulzadə dostlarının “yenidən yazarsınız” deyərək təsəlli vermələrinə qarşılıq öz fikirlərini yuxarıdakı kimi ifadə etmişdi.
Əsrimizin Siyavuşu isə Azərbaycan Cümhuriyyəti idi ona görə. Tarixi qəhrəman olan Siyavuş ilə Cümhuriyyətimiz arasında oxşar cəhətlər görmüşdü Rəsulzadə.
“Əsrimizin Siyavuşu” kitabının mənə ən çox təsir edən bölmələri Cümhuriyyətimizdən bəhs olunanlar idi. Sanki özümü həmin dövrdə baş verən bütün proseslərin içərisində hiss edirdim. Təhsil, ordu və digər sahələrdə edilən dəyişikliklər, yeniliklər, onların incəliklə düşünülmüş olması məni çox həyəcanlandırdı. Kitabın qeyd etdiyim hissələrini Filarmoniya bağında quşların cəh-cəhi və maşın səslərinin qarışıq ahəngində oxusam da ruhən və fikrən 20-ci əsrin ikinci onilliyində idim və o zaman elan olunan Cümhuriyyətin hələ də davam etdiyini düşünürdüm. Təbii ki, bu mən kitabı oxuyarkən yaşadıqlarımdır və hər kəsdə eyni təsiri yaradacağını söyləmək olmaz. Rəsulzadənin də dediyi kimi: “O zamankı ruh halından asılıdır”.
Kitabın sonunda edilən müraciət düşünürəm ki, hansı dövrdə yaşamasında asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşına edilmişdi:
“Əvət ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!
Sənin öhdəndə böyük bir vəzifə var.
Səndən əvvəlki nəsil yoxdan bir bayraq,müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: – Bir kərə yüksələn bayraq bir daha enməz!”
Bizim vəzifəmiz isə, bizə miras qalmış Məhəmməd Əmin irsini qorumaq, bayrağımızı hər zaman yüksəkdə tutmaq, Vətənimiz üçün ən yaxşısını etməyə çalışmaqdır.
Gülümsərov