MAKSİM QORKİ “HƏYATIN DİBİNDƏN HƏYATIN ZİRVƏSİNƏ”

Rus ədəbiyyatına böyük töhfələr vermiş yazıçılardan biri də Maksim Qorkidir. Əsl adı  Aleksey Maksimoviç Peşkov olan bu yazıçı rus dilində acı mənasına gələn `qorki` sözünü özünə təxəllüs olaraq seçib. Maksim Qorkinin həyatı heç də asan olmayıb və hələ uşaq yaşlarından gerçək həyata atılmağa məcbur olub. Ata və anasının ölümündən sonra bir müddət nənə və babasının yanında yaşayan Qorki bir müddət sonra ordan da qaçmışdır. Hələ uşaq yaşlarında böyüklərin belə çətinlik çəkəcəyi işlərdə işləmiş və bunun sayəsində həyata tutunmuşdur. Universitet oxumamasına baxmayaraq Qorki yazdığı əsərlərlə getdikçə tanınmağa başlayır. Digər böyük rus yazıçılarından olan Anton Çexov və Lev Tolstoy heç bir təhsil almamasına baxmayaraq belə əsərlər yazan Qorkiyə dəstək olurlar. On doqquz yaşında intihara cəhd edən Qorki bu cəhdində uğurlu olmur. Bu hadisədən sonra kitablarla daha çox maraqlanmağa başlayır və ədəbiyyata bir çox kitab qazandırır. Lakin onların içində ən məşhur kitab “Ana”dır.  

İnsanların sahib olduqları acı və kədər duyğularının yaratdıqları hər hansı bir əsərin daha təsirləndirici olmasında böyük rol oynadıqlarını düşünürəm. Yəni acı ilə tanış olmamış biri mənə görə heç vaxt əsərlərində uğurlu olmayacaq. Qorkinin yazdığı əsərlərin belə təsirləndirici alınması da məhz buna görədir. Yaşadığı acılar nəticəsində yazdığı kitablar bu qədər təsirləndirici və duyğulu alınırdı. Hətta obrazları o qədər dərindən xarakterizə edirdi ki bu obrazların həqiqətən də yalnızca bir kitab qəhrəmanı olduğuna inanmaq çətin idi. Sanki yaratdığı obrazlar gerçək həyatda da öz varlığını qoruyub saxlayırdı. 

 “Ana” kitabını Maksim Qorki Rusiyadan Amerikaya getdiyi zamanda qələmə alır. Bu kitab haqqında bəzi iddialar da var. Ehtimal olunur ki bu kitabda yer alan obrazlar və məkanlar gerçək həyatdan götürülüb. Həqiqətən də kitabda yaradılan obrazlar o qədər incəliklə qələmə alınıb ki hər bir obrazın ruhu olduğuna və hər hansı bir zamanda yaşamış olduğuna inanır insan. Öz əsərlərində hərkəsin oxuyub anlaması üçün daha sadə dil seçən Qorki işçi kəsimin və kasıb xalqın həyatlarını daha ön plana çıxarmağı seçir. “Ana” kitabında da alt təbəqədən olan insanların həyatına yer verilir. Öncəliklə bildirmək istəyirəm ki xoşbəxt sonluq gözləmək və ya real həyatdan uzaqlaşmaq üçün Maksim Qorkinin kitabları yanlış seçimdir. Səfalət,təbəqə fərqi, işçilərin çətin həyatı, kədər, acı bu kitablarda yer alır. 

ANA

Bu kitab Rusiya çarlığının son zamanlarında keçir. Sosyalistlərin gettikçə güclənməsi ilə eyni zamanda onlar üzərindəki basqı da artır. Əsərin baş qəhrəmanı olan Pelageya Nilovna əzilən, özünə aid bir həyatı olmayan yəni həyatının baş roluna başqalarını yerləşdirən, həyat yoldaşı tərəfindən şiddət görən bir qadındır. Bu hal həyat yoldaşının ölümünə qədər belə davam edir. Pavel Vlasov atası öldükdən sonra dəyişməyə və özünü inkişaf etdirməyə qərar verir. Pavel özü üçün deyil cəmiyyət uğruna mübarizə aparır və oğlunun belə işlərə qarışmasından narahat olan Pelageya bir müddət sonra özü də bu mübarizəyə daxil olur.

Çocukluğum

Bu kitab otobiyoqrafiyanın ilk kitabıdır. Qorki bu kitabda uşaqlıq illərinin necə çətin və əziyyətli keçdiyindən bəhs edir. İnsanın gələcək həyatı çox zaman uşaqlığında yaşadıqlarından asılı olur. Hər nə qədər Qorki uşaqlığında digərləri kimi sevgi və qayğı görməsə də yazıçı olmağı da məhz bu yaşadıqlarından asılıdır. Bəlkə yazıçı olmağına rəğmən həyatında dünyaya gəldiyindən bəri itirdiyi xoşbəxtliyi tapa bilmədi amma bugün onu və əsərlərini dünya tanıyır. Və bu da ən azından çəkdiyi əziyyətlərin bir qarşılığı ola bilər. Təbii ki bu qarşılıq nə qədər yetərlidir mübahisəli məsələdir. Lakin bu kədərli dünyaya gəldiyi üçün həyat ona belə bir hədiyyə verdi. Həqiqətən bir uşağın ana və atasını itirməsi bu acıya dözməyə çalışarkən eyni zamanda həyatda qalmaq üçün iş axtarması düşünüldüyündə belə insana çox ağır gəlir.

İnsanların arasında

Üçlüyün ikinci kitabı isə “İnsanların arasında”dır. Bu kitab həmçinin “Ekmeğimi kazanırken” deyə də tərcümə olunub. Yazıçı bu kitabda babasının iş tapması üçün onu evdən göndərdiyi qisimdən etibarən həyatının sonraki illərini qələmə alır. Həmçinin fərqli fərqli işlərdə işləməsi və bu zaman başına gələn hadisələrdən də bəhs edir. Kitab Alekseyin universitet oxumaq üçün Kazan şəhərinə getməsi ilə sonlanır.

Mənim universitetlərim

Maksim Qorkinin bir başqa kitabı isə “Mənim universitetlərim”dir. Əslində bu kitab seriya olan üç kitabın sonuncusudur. “Uşaqlığım” “İnsanların arasında” üçlüyü tamamlayan digər iki kitabdır. Qorki bu kitabda “universitetlərim”lə insanları nəzərdə tutur. Gerçək həyatı ona öyrədən insanları universitet olaraq görür. Qorki universitetə getməməsinə və təhsil ala bilməməsinə baxmayaraq yaşadığı dövrü analiz etmək bacarığına və öz fikirlərini hər şeyə rəğmən müdafiə etmək cəsarətinə sahib bir yazıçı idi. Universitetə getməyi çox istəyən Aleksey bir müddət düşündükdən sonra bu xəyalını gerçəkləşdirmək qərarına gəlir. Lakin maddi problemlərə görə bu xəyalını yerinə yetirə bilmədən iş axtarmalı olur. Bir müddət sonra Derkenov adında biri ilə qarşılaşır. Derkenov insanlara yaxşılıq etməyə çalışan və içində qadağan olunmuş kitabların da olduğu saysız hesabsız kitaba sahibdir. Gənclər bəzən onun evində toplaşır və bu kitabları oxumağa başlayırdılar. Bir müddət sonra Aleksey də onlara qoşulur və kitablarda anlamadığı hissələri başqalarından soruşaraq öyrənməyə, özünü təkmilləşdirməyə başlayır. Lakin hələ də universitetə getmək onun üçün mümkün olmamışdır. Zaman keçdikcə Aleksey bu arzusunun ancaq xəyal olaraq qalacağını başa düşür və bu arzusundan əl çəkir. Bir zaman sonra nənəsinin vəfatını öyrənən Aleksey həyata qarşı daha tab gətirə bilməyəcəyini düşünür və intihara cəhd edər. Lakin bu cəhdi uğursuz olur və sağaldıqdan sonra xəstəxananı tərk edir. Tanımadığı bir adamın təklifi ilə sahib olduğu işdən çıxır və onunla birlikdə onun kimi gənclərin olduöu və rahat kitab oxuya biləcəyi bir yerə gedir. Qaldığı evdə bir gün yanğın baş verir və Aleksey oranı tərk edərək yenidən dənizlərə geri dönməyə qərar verir.

Qorkinin yazdığı əsərlər əlbəttə ki bununla bitmir. Yaşadığı zaman ərzində çoxlu kitabı ədəbiyyata bəxş etmişdir. Maksim Qorki oxumağa başlamaq üçün isə məncə bu kitablardan başlamaq lazımdır. Həmçinin mən bir yazıçının kitablarını oxumazdan öncə ilk öncə həyatı ilə tanış olmaq, yaşadığı dövrün hansı xüsusiyyətlərə malik olduğunu öyrənmənin lazım olduğunu düşünürəm. Ona görə də otobiyoqrafiyaları da mütəq oxunması lazım olan kitablardandır. 

Düşünürəm ki bəzi yaradıcıllıqla məşğul olan insanların yalnızca yarattığı işlər deyil həmçinin yaşadıqları həyat da diqqətə dəyərdi. Bu insan istər yazıçı olsun istər rəssam istərsə də filosof. Məhz Maksim Qorki də belə insanlardı. Həyatı belə dinləməyə dəyər amma heç vaxt tam anlaşılmayacaq bir reallıqdan ibarətdir. Həmçinin ədəbiyyatın insan həyatını necə xilas etdiyini də buradan anlamaq olar. İntihar cəhdindən sonra Qorki kitablara yaxınlaşmasaydı bu intihar cəhdinin ilk və son dəfə olacağına kim əminlik verə bilərdi axı? Həyat insanla o qədər qəribə bir oyun oynayır ki,  özünə görə çıxılmaz bir hal alan situasiyalar başqalarına görə asan bir problemdən başqa heç nə ifadə etmir. Həyatın insana verdiyi kədəri bir başqasıyla bölüşmək həmin acını dəyərsizləşdirə bilər deyə düşünürdüm, lakin Qorki qələmə aldığı otobiyoqrafiyasında çətinliklərini özünə aid bir baxış açısıyla elə ifadə edib ki, azalmaq yerinə bu kədər qat qat artıb. 

Doğrusu rus ədəbiyyatı deyildikdə təəssüf ki, çox insanın ağlına ilk gələn ad Maksim Qorki olmur. Yalnız bu onun necə möhtəşəm bir yazar olduğu həqiqətini gizlədə bilməz. Diqqətimi çəkən bir başqa nüans isə ədəbiyyata damğa vuran insanların çoxunun heç də asan bir həyata sahib ola bilməməsidir. Nümunə olaraq rus ədəbiyyatı deyildikdə ağla ilk gələn adlardan biri olan Dostoyevskini misal çəkə bilərik. Açıqcası bu iki yazıçı arasında əsərlərində oxşarlıq görürəm. Hər ikisi də əzilən təbəqənin insanlarına kitablarında yer verirlər. Həmçinin Dostoyevskinin qumar borcundan nə qədər əziyyət çəkdiyi və kitablarını borclarını ödəmək üçün daha tez bitirməyə çalışmasını bu yazıçını tanıyan hərkəs bilir deyə düşünürəm. Hətta kitablarında qumar və buna görə problemlərdən xilas ola bilməyən obrazlara yer verməsi də Maksim Qorkinin öz yaşadıqlarını kitablar vasitəsilə əbədiləşdirməsinə bənzəyir. Yazıçının həmçinin “Qumarbaz” adlı kitabı da oxuyucuya öz həyatı haqqında məlumatlar verməsinə amma bunu gizli şəkildə etməsinə sübut ola bilər. Bütün bunları öyrəndikdən sonra insan bəzi sualları zehnindən ata bilmir. Xüsusilə də görəsən sadə bir həyata sahib ola bilsələrdi indi onlardan xəbərdar ola bilərdik mi sualı insanı narahat edir. Bəlkə də bu sual yox cavabı insanda narahatlıq yaradır. 

 Doğrusu belə kitabları hər insan anlaya bilmir. Çünki günümüzdə empatiya qabiliyyəti o qədər azalıb ki, nəin ki kitablarda hətta real  həyatda belə insanlar bir birini başa düşməkdə, anlamaqda çətinlik çəkirlər. Lakin kitablar insani keyfiyyətləri geri gətirə biləcək tək ümidimizdir. Buna görə də insan həyatı kitablarsız həqiqətən də öz mənasını itirir. Əsrlər boyu hər insan həyata dair bir məna tapmaq üçün zamanlarını sərf etmiş hətta bu haqda kitablar belə yazmışlardır. Hərkəsin fikri müxtəlif və özünəməxsus olsa da onları bir nöqtədə birləşdirən heç birinin həyatın mənasına dair dəqiq bir izah verə bilməməsidir. Həyatın mənasını tapmaq nə zaman mümkün olacaq və ya ümumiyyətlə belə bir şey mövcuddur mu bilmirəm. Lakin kitablar bu arayışa məna qata bilər. Kitab oxuyan və oxumayan bir insan arasındaki ən böyük fərq kitab oxuyan insanların həyata qarşı səbrli olmalarıdır. Çünki kitablar onlara çoxlu həyatı sınamağa kömək edir və belə insanlar bir həyatın içinə bir neçə həyat yerləşdirə bildikləri üçün tələsməyə ehtiyac duymurlar. Onsuz da yetərincə yaşamış olurlar. Həm öz həyatlarında həm də kitabların dünyasında.

NƏRMİN HACIYEVA

azAZ