TEATRDA BU GÜN NİYƏ TAMAŞAÇI PROBLEMİ VAR?

Son dövrlərdə teatrlarda təxminən 30 – 40 il əvvəlki kimi tamaşaçı auditoriyasını görmək çətindir . Bir zamanlar tamaşalara bilet tapa bilməyib geri dönən adamlara da rast gəlmək olardı . Hər seans audiotoriyalarda teatr həvəskarları ilə dolu olurdusa , bu gün həmən mənzərəni görmək bir qədər çətindir . Problemin qaynağı hardan gəlir ? Tamaşaçının problemlərinə qısa nəzər yetirdikdə estetik zövqləri başqa istiqamətə yönəlib , ya maddi durum , vaxt qısıtlığı , ya da ki məkan əlçatmazlığıdır . Teatra niyə getmirik ? sualı verildikdə “ əşşi teatrda nə var ki , onsuzda sosial şəbəkədə qoyurlar baxırıq “ , “ Akademik Milli Dram teatrında əksər tamaşalar axşam saat 19:00 – dan sonra başlayır , vaxt və hal yoxdu getməyə “ , “ Maraqsızdı” , “ Mənim teatrda nə işim var , mənim həyatım elə teatrdı “ , “ İndiki aktyorların bəziləri rolu yaşaya bilmir “ “ “Bilet bahadır ondansa başqa yerə xərclərəm “ və s.bu tip cavablara rast gəlinir. Yaxşı , bəs bu bəhanələr olmasa teatrda tamaşaçı problemi ilə rastlaşmaq olarmı ? Əvvəllər də insanların işləri var idi niyə belə cavablar işlədilmirdi? Həvəskar truppalar yaradılır, hətta insanların özləri həmən həvəskarlar üçün təşkil edilmiş dərnəklərdə iştirak edirdilər . Ümumi nəzərə saldıqda ilk öncə dövrün tələbinin ödənildiyi yer sosial şəbəkələrdir . Hamının əlində telefon , hamının əlçatan ola biləcək informasiya texnologiyalarından istifadə etmək şansı var. Əksər tamaşaların video görüntü vasitəsilə sosial şəbəkələrdə izlənildiyi görünür . Televiziya tamaşaları, teatr nümunələri sosial şəbəkə hesablarına yüklənir. Yaxşı, bəs izləmə sayı qənaətbəxşdirmi ? XXI əsrin texnologiyası dövrü teatr tamaşaçısı problemini həll edə bilirmi ? Bəlkə , teatrlara onlayn , distant formada baxış təşkil edilsin ? Bu sualın cavabı tapıla bilər. Amma aktyorların həvəsini , həyəcanını görmək olmayacaq . Aktyora , aktrisaya rolunu daha da təbii oynaması üçün tamaşaçı lazımdı . Canlı göz kontakı , səhnə adrenalini və ən əsası aktyor və aktrisa heyətinə çəkdiyi əziyyətə görə çalınan gurultulu alqışlar olmadan ərsəyə gələn əsər maraqlı ola bilməz . Aktyora nəfəs verən , ürək döyüntüsünü tez – tez döyündürən elə tamaşaçı auditoriyasıdır . Teatr bir ağacdırsa , onun qolları aktyor , aktrisa , ümumilikdə teatr heyətidir , onun yarpaqları çiçəkləri isə tamaşaçılardır. Bu mənzərəni təsvir etdikdə yarpaqsız ağac necə solğun görünürsə , tamaşaçısız teatr da belə solğun görünür. Belə bir statistikanı nəzərdən keçirmək lazımdır; Akademik Milli Dram teatrında “ Şah Qacar “ tamaşasına YouTube sosial platforması üzərindən 5.850 izləmə sayı , “ Qarabağnamə “ tamaşasına 1.828 baxış , Akademik Opera və Balet teatrının səhnələşdirdiyi “ Sevil “ operasına isə 3.058 baxış gəlib . Düzdü , baxış sayı milyonları ötməsə də , qənaətbəxş hesab etmək olar . Fikirləşəndə ki əhalinin əksəriyyətinin internetə çıxışı olan informasiya texnologiyası var , əksəriyyətində YouTube sosial platforması var , heç olmasa tamaşa izləyib vaxtlarını səmərəli şəkildə keçirə bilərlər. Bəlkə də sosial platformalar təxminən 30 il əvvəl insanların teatra daha çox getdiyi vaxtda olsaydı bu baxış sayı 3 yaxud 4 qata qədər yüksələ bilərdi . Ya da eyni vəziyyətdə də qala bilərdi .Təkcə YouTube deyil , TikTok , İnstaqram, Facebook sosial şəbəkəsində istifadəçi olan əhali var . Təbliğat burda da özünü göstərməlidi. Necə ki , 10 dəqiqə əvvəl paylaşılan başqa video , yaxud məlumat minlərlə baxış yaxud rəy toplaya bilir , bunu bu sahədə də tətbiq etmək olar . Ola bilər ki, hər hansısa teatrı sosial şəbəkə meneceri səhnəyə qoyulmuş tamaşanın kuliminasiya səhnəsini paylaşsın , heç olmasa tamaşadan bir parça olan hissə maraq yarada bilər . Bəs “ Trend-ə “ düşə bilərmi ? Gün ərzində “ trend “ olan videolara , xəbərlərə nəzər saldıqda ümumiyyətlə mədəniyyət sahəsi ilə bağlı olan hər hansı reytinqin olmadığı müşahidə olunur.
Teatr məsələsinə ailədən başlamaq da olar . Abdulla Şaiq adına kukla teatrının uşaqlar üçün nəzərdə tutulduğunu nəzərə alanda uşaq vaxtlarında uşaqları tamaşaçı auditoriyasına öyrəşdirmək olar , təbii ki vaxt və imkan daxilində. Teatr həmçinin maarifləndirmə ocaqlarından biridir. Tamaşalarda əlinə kitab götürüb oxumayan insanlar belə əsərin səhnələşdirilmiş versiyasına baxıb məlumat ala bilər . Teatrda göstərilən səhnələr yazılmış əsərlərin vizual , səsli yaddaşda saxlanılmasıdır . Aktyorların səsli nitqi və yaratdığı obrazla kitabdan oxunan əsərin təhlini apararkən belə nəticəyə gəlmək olur ki , tamaşa daha çox yadda qalır nəinki bədii kitabdan oxunan əsərlər .

Digər problemlərdən biri də teatrların tamaşa afişalarını daha gözəçarpan və daha çox təbliğat apara bilməməsidir . Məsələn: “ Yeni il “ şənliklərində təbliğat aparılır , biletlər daha çox satılır, insanlar vaxtını yaxşı keçirmək üçün teatrda keçirilmiş şənliyə gəlirlər . Deməli , digər problemlərdən biri mövzunun seçilməsidir . Tamaşaşaya qoyulan əsər nə qədər maraqlıdırsa bir o qədər də tamaşaçı auditoriyasını yığmaq olar .
Tamaşaçı problemlərindən biri də teatrların əksəriyyətinin şəhərin mərkəzində yerləşməsidir . Bakının kəndlərində qalanlar , şəhərin mərkəzində bir qədər kənarda qalanlar , yaxud ölkənin digər inzibati rayonlarında yerləşən teatr binaları insanların məskunlaşdığı yerlərə uzaq məsafədə olur . Tamaşaların əksəriyyəti axşam saatlarında başlayır , ya tamaşaya getməyə yorğun vəziyyətdə tamaşa əsərindən həzz almaq olmur . Başqa səbəblərdən biri biletlərin qiymətinin insanların cibinə uyğun olmamasıdır. Ola bilər ki , teatr həvəskarları imkanı olmadığına görə gələ bilmirlər . Tamaşaçı nə istəyir ? Son dövrlər insanların maraq dairəsi tarixi , ədəbi əsərlərə meylliliklə müşahidə olunmur . Sosial şəbəkə reytinlərindən çıxış edərək onu demək olarki, insanların maraqları mədəniyyət , teatr , incəsənət sahələrindən daha çox ailə zəmnində olan verilişlər , bayağı gülüşlə dolu “ səhnəciklər” , bayağı musiqilərədir . Əgər teatrlarda belə tipli səhnəciklər olsa , bəlkə kimlərinsə maraq dairəsində olduğu üçün öz yaxınlarını yanına gətirəcək baxmaq üçün ancaq bu , tezliklə mədəniyyətin çökməsinə hətta məhvinə qədər gətirib çıxarılma ehtimalı ola bilər. Hər bir teatrın öz disiplini , maraqlı , əhatə etdiyi müəyyən sərhədlər var . Boşuna Akademik Milli Dram teatrı ,Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət, Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət, Gənc Tamaşaçılar Teatrı, Bakı Bələdiyyə Teatrı, Bakı Uşaq Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı , Azərbaycan Dövlət Pantomim Teatrı , İrəvan Dövlət Azərbaycan Dram Teatrı , Şuşa Dövlət Musiqili Dram Teatrı , Azərbaycan Dövlət Yuğ Teatrı , Ağdam Dövlət Dram Teatrı , Füzuli Dövlət Dram Teatrı , Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı , Qax Dövlət Kukla Teatrı və s. Ayrı ayrılıqda fəaliyyət göstərmir ki. Hər birinin öz şuarı ,onlar sənətin janr, forma müxtəlifliyi, üslub zənginliyi ilə kəskin şəkildə fərqlənirlər və göstərmək istədikləri fəaliyyət başqa istiqamətdə olsa da , bir məqsəd var : Teatrda yaşama , səhnəni yaşatmaq .Azərbaycanın teatr səhnələri hansı yollardan keçmiş , o səhnələrdə kimlər çıxış etmiş , səhnədə hansı hiss , həyacanlar yaşanmış … Azərbaycan teatr səhnəsi birdən birə o səviyyəyə enə bilməz ki , o səhnələrdə bayağı , estetik zövqə oxşamayan nələrsə göstərilsin. Yoxsa , Mircə Cəlil , İlyas Əfəndiyev , Cəfər Cabbarlı, Hüseyn Cavid , Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov kimi ədiblərin yazdığı əsərlərin səhnələşdirilmiş səhnə və tamaşaçı auditoriyasına qarşı etimadsızlıq olar . Teatr mədəniyyətin mühim hissəsidir, hətta elə insanlar var ki ömründə bir dəfə də olsun teatrda olmayıb , canlı olaraq aktyorların fəaliyyətinin şahidi olmayıb . Azərbaycanın kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi Azərbaycanda Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından başlayan səhnə teatr həvəsi bu gün artıq müasir dövrün tələblərinə uyğun olaraq sönməyə başlayıb .Yaxşı, bəs nə etmək lazımdır? Təkliflər irəli sürülsə problem həll oluna bilərmi ?

1. Biletlərin qiymətinin bir qədər aşağı endirilməsi . Amma aktyorların da vəziyyətini nəzərə alanda onların gəliri də o biletlərin qiymətlərindən gəlir.
2. Tamaşaların 17:00 – 18:00 radələrində başlaması.
3. Maraqlı əsər seçimi və diqqət çəkə bilən afişaların hazırlanması.
4. Afişaların təkcə teatr binasının qarşısında deyil insanların daha çox olduğu yerlərdən nümayiş olunması . ( metro , avtobus , avtobus dayanacaqları və s)
5 . İnsanların daha çox istifadə etdiyi sosial şəbəkələrdə teatr nümunələrinin nümayişi.
6 . Sosial şəbəkə üzərində tamaşaçı rəyi keçirilə bilər . “ Hansı ədibin əsərinin səhnələşdirilməsini istərdiniz? Hansı əsər diqqət çəkir ? Hansı tamaşanın səhnəyə qoyulmasını və tamaşada teatrın hansı aktyor və aktrisasını görmək istərdiniz ? “
7 . Təhsilalanları ( şagird , tələbə , müəllim heyəti ) cəlb etmək və məktəblərdə təbliğat aparmaq.
8. Mədəniyyət işçilərinin özlərinin daima bu təbliğatı aparması.
9 . Tamaşanı ərsəyə gətirən aktyor və aktrisa heyətinin düzgün seçilməsi , rola uyğun oynaması.

Teatr Azərbaycanın mədəniyyətinin bir hissəsi , bir qol , canlı sənət nümunəsidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, şənlik və toy ənənələri, gündəlik həyat tərzi , həmçinin dünyagörüşü ədəbiyyatı ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı maraq dolu görüntülər müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamış və əhalinin gündəlik həyatını daha obrazlı şəkildə , görüntü vasitəsilə çatdırmaq üçün göstərilmişdir Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Bəs niyə qədimdən bu günə qədər gəlib çıxan mədəniyyət nümunələrimizə sahib çıxmayaq ? 1991 – ci ildən ölkənin qazandığı müstəqillik digər sahələrdə olduğu kimi mədəniyyət sahəsinə də təsir edib . Zəhməti və əməyi olan teatr aktyor və aktrisa heyəti mükafatlandırılır . Niyə də olmasın ki ,onların əməyini , zəhmətini , səhnə həyəcanını öz gözlərimizlə görməyək? Onlar tarixiləşdən sonra heç olmasa hər hansısa tamaşasında tamaşaçı olduğumuz xatirələri qalsın . “ Mən getmirəm , guya mən teatra baxsam nəsə olacaq ? “ deyən “ mən “ lər “ biz “ lərə çevrilib tamaşaçı auditoriyası olar və bəlkə səhnədəkilərin motivasiyası , döyünən nəbzi , ürək çırpıntısı olmaq üçün …

FATİMƏ SADIQOVA

en_USEN