KİTAB DÖVRÜ BİTİR?

İnsanlar ilk mövcud olduğu zamanlardan bəri öyrəndikləri məlumatları qeyd etmək və yaymaq üçün müxtəlif vasitələrdən istifadə ediblər. Gil lövhələr, papirus, geniş sahəli yarpaqlar keçmişdə kağızı əvəz etmişdir. Lakin həm çox yer tutduğu üçün həm də məlumatların bu üsullarla qorunması çətin olduğu üçün bu vasitələr olduqca böyük zəhmət tələb edirdi. E.ə 105-ci ildə ilk dəfə kağızın istehsal edilməsiylə bu problemlərə həll yolu tapıldı. Artıq daha az yer tutan kitab və ensiklopediyalar hazırlamaq mümkün idi. 

Günümüzdə artıq belə kitabları elektron kitablar əvəz edir. Elektron kitablar harada olmağınızdan asılı olmayaraq həmişə sizin yanınızdadırlar. Oxuyucular da məhz bu məsələyə görə iki yerə bölünür: elektron kitabları seçənlər və ənənəvi kitabları seçənlər. Bu kitabların hər iki növünündə həm müsbət həm mənfi cəhətləri vardır. Elekron kitablar fiziki olaraq yer tutmadan hər zaman yanımızda ola biləcək və həmçinin bir cihazda minlərlə kitab daşımaq imkanını bizlərə təqdim edəcəkdir. Həmçinin elektron kitabları yalnız telefon, planşet kimi cihazlardan deyil, məhz bunun üçün yaradılmış e-reader vasitəsilə də oxumaq mümkündür. Kiçik ölçülü bir cihazda böyük bir kitabxananı daşımaq həqiqətən də möhtəşəmdir. Ənənəvi kitablara üstünlük verənlər isə elektron kitabın duyğuları tam əks etdirmədiyini və həyəcanla kitab səhifələrini bir birinin ardınca çevirmək hissinin daha qiymətli olduğunu düşünürlər. Ənənəvi kitabların mənfi cəhəti isə odur ki bu kitablar daha çox fiziki yer tuturlar. Həmçinin kitabları özünüzlə başqa yerə apardıqda bu həm sizə yük olur həm də kənarları əzilərək kitaba ziyan dəyməsinə səbəb olur. Təbii ki kitablar haqqında danışırıqsa, pirat kitablara toxunmadan olmaz. Hal hazırki dövrdə pirat kitabların sayı gettikcə artmağa başlayır. İstər elektron olsun istərsə də ənənəvi hər iki növdə də mövcud olan pirat kitabların sayı kifayət qədərdir. Pirat kitablar həmin kitabın ərsəyə gəlməsində rol oynayan hərkəsin xüsusilə də yazıçının zəhmətini hədər edən kitablardır. Doğrusu bəzi insanlar bunun önəmini yetərincə anlamır və “ Nə fərqi var? Kitab kitabdır.” deyə bu məsələyə yanaşırlar. Lakin burada böyük əmək oğurluğu da var. Düşünün ki siz bir kitab yazmısınız və bir müddət sonra kitabınız razılaşdığınız bir nəşriyyatda çap olunacaq. Kitabınızın satışa çıxacağı üçün çox həyəcanlısınız, lakin sonra təsadüfən qarşılaşdığınız bir yerdə pirat kitabların satıldığını görürsünüz. Bir az göz gəzdirdikdə öz kitabınızın da burada olduğunu görürsünüz. İcazəniz olmadan kitabınızı başqaları çap edərək satışa çıxarıblar. Yəqin ki hissedəcəyiniz ilk duyğu öncə kədər sonra isə qəzəb olar.  

Hər nə qədər ənənəvi kitabları sevənlər və oxuyanlar olsa da dünya daha da inkişaf etdikcə elektron kitablar ənənəvi kitabları əvəz etməyə başlayır. Bəli, texnologiya kitablara da təsir etdi və artıq yaxın gələcəkdə ənənəvi kitabların ümumiyətlə istifadə olunmayacağını düşünürəm. Doğrusu gələcəkdə kitabların əhəmiyyətlərinin azalması məni daha çox qorxudur. Müasirləşən həyatlarımızda kitablara ayıra biləcək zamanımızın olmadığını zənn etmək acınacaqlı bir vəziyyətdir. İndi istənilən məlumatı saniyələr ərzində çox asan şəkildə əldə edə biləcəyimiz texnologiyalar mövcuddur. İnsanlar artıq hər hansı bir sahədə ətraflı bilik qazanmaq üçün zamanlarını xərcləməkdən qaçınır, onun yerinə daha tez tapa biləcəkləri yalnız yadda qalıcı olmayan və ya yetərsiz məlumatlarla kifayətlənirlər. 

Bəs görəsən kitab dövrü həqiqətən də bitir? 

Kitablar yazıçılarını əbədi yaşadan abidələrdir. Gələcək nəsillər hər hansı bir yazıçını yaratdığı əsərlərlə tanıyırlar. Keçmişdə belə bir insanın yaşadığını öyrənib, həyatda olmasa belə həmin yazıçıya qarşı duyulan hisləri hər daim yaşadırlar. Kitablar yazıçının bir növ özünü ifadə etmə şəklidir. Hərkəs yaşadığı bu dünyada anlaşılmaq istəyir. Bəziləri heç kimin hətta özünün belə onu anlamayacağını düşünərək həyatının idarəsini əldən buraxsa da, bəziləri rəsmlərində, kitablarında, fikirlərində birilərinin onu anlayacağına ümid edir. Doğrusu belə insanların artıq anlaşılmaq kimi bir problemi olmamalıdır. Çünki ərsəyə gətirdikləri əsərlər öz yaradıcılarını anlayırlar. Hansı duyğularla birlikdə yarandığını və rolunun nə olduğunu, yaradıcısının ona hansı xüsusiyyətləri bəxş etdiyini bilirlər. Doğrusu belə insanlar məncə həyatlarını tam anlamıyla yaşayırlar. Onlar həyatdan nə xoşbəxt olmağı, nə varlı olmağı, nə də güclü olmağı istəyirlər. Onlar yaşadıqları bu duyğuları bölüşmək üçün onları başa düşən insanlara ehtiyac duyurlar və bu duyğularla özlərini əbədiləşdirəcək əsərlərə imza atırlar. Özləri keçmişin qaranlıq qapıları ardında qalsalar da əsərləri bu qaranlığı işıqla əvəz edə biləcək gücə sahib olurlar. Unudulanlara deyil, daim yaddaşlarda qalanlara çevrilirlər. Kitablar yox olsa bəs bu insanlar öz anlam arayışlarını necə davam etdirəcəklər? Ya da digər insanlar öz həyat axarlarında hər hansı bir maneəyə rast gəldikdə oxşar problemlə üzləşən insanların fikirlərinə necə agah olacaqlar? Hələ ki kitabların insan həyatından çıxmasının yaradacağı fəlakətlər diqqətə alınmasa da doğrusu mənə görə bu insanca yaşamın sonunun gəldiyinin göstəricisidir. Kitablar olmazsa insan həyatı mənasızlaşar və sadələşər. İnsanlar kitablar sayəsində öz mənəvi dünyalarına işıq tutmağı bacarırlar. Əgər mənəviyyat qaranlığa bürünsə o zaman artıq həqiqətən bu dünya yaşanmayacaq bir yerə çevriləcək. Kitablar cəmiyyəti yaradan quruluşun əsaslarıdırlar. Əsas yox olsa onun üzərinə yerləşdirilmiş bütün daşlar da düşməyə başlayacaq. Texnologiyanın sürətlə inkişaf etməyiylə kitablara olan önəm tərs asılıdır. Dünya nə qədər sürətlə dəyişirsə kitablar da bir o qədər tez önəmini itirir. Ehtimal ki kitaba qarşı maraqlarını itirməyən insanlar gələcəkdə də mövcud olacaq. Lakin sayları bir əlin barmaqlarını keçməyəcək. Təəssüf ki toplum yalnızca bir iki nəfərin cəhdiylə dəyişmir. Hərkəs birlik olarsa hər hansı bir dəyişiklikdən danışmaq ancaq o zaman mümkün olar. İnsanlar sahib olduqları hər hansı bir şeyin dəyərini yalnızca onu itirdikdən sonra anlayırlar. Kitabların da dəyəri yalnız onları itirdikdən sonra bəlli olacaq. Hətta mənəviyyat və biliyin görünməz qoruyucuları kitablardır belə deyə bilərik. Kitablar insana müxtəlif məlumatlar verməklə qalmır, həmçinin iç dünyanı da zənginləşdirir. Heyif ki insanlar mənəvi zənginliyi pula dəyişirlər. Lakin onu unudurlar ki pul idarə etməsini bilmədikdə sahibini yaralayacaq hətta öldürəcək bir silaha çevrilir. 

Kitablar olmasaydı müxtəlif zamanlarda yaşamış insanlar haqqında və onların öyrəndikləri məlumatlar haqqında heç bir biliyə sahib ola bilməzdik. Elmin və texnologiyanın bu cür sürətlə inkişaf etməsində kitablar böyük əhəmiyyətə malikdir. Kitablar insanın dünya ilə bağlı suallarına cavab tapmasına yardım edir. Sözsüz ki bu həqiqətləri yenə də keçmişdə yaşamış insanlar tapır, lakin əldə etdikləri gerçəkləri qeyd etməsəydilər bugün sahib olduğumuz imkanların çoxuna malik ola bilməzdik. Buna görə də kitabların zaman maşını rolu oynadıqlarını demək yanlış sayılmaz. İnsanlar kitablar vasitəsilə keçmişə, gələcəyə və ya bizim belə bilmədiyimiz hər hansı bir zaman diliminə səyahət edə bilirlər. Bu vəsiləylə yalnız öz həyatlarını və yaşadığımız dünyanı deyil, digər həyatları və dünyaları da kəşf etmə fürsətinə sahib olurlar. Keçmişdə baş verən unudulmaz hadisələri, şəxsiyyətləri də məhz kitablardan öyrənirik. O dövrlərdə var olan mədəniyyəti, incəsənəti, məişət həyatını keçmişdən bu günümüzə qədər gəlib çıxan kitablar vasitəsilə xəyal edirik. 

Cəhalətin düşməni olan kitablar olmasa cəmiyyətdə böyük problemlər yarana bilər. İnsanı digər varlıqlardan ayıran ağıla sahib olmasıdır. Kitablar ağılı qidalandırır və inkişaf etməsinə kömək edir. Hər bir beyin nə qədər böyük bir zəkaya sahib olsa belə istifadə edilmədiyi müddətcə faydasız hala düşür. İnsan özünü idarə edən, rasyonal qərarlar almasına kömək edən, həyatını yönləndirən ağlından istifadə etməyi unutsa, onu digər canlılardan ayıran bu xüsusiyyətini də itirsə artıq başqa bir varlığa çevriləcək. Yalnız özü üçün deyil, ətrafındaki insanlar üçün də təhlükə yarada bilər. Təsəvvür edin ki, belə insanlara tək tük də olsa hal hazırki dövrdə də rast gəlmək mümkündür. Bu insanların cəmiyyət üçün necə problemlərə yol açdığına hərkəs şahid olmuşdur. Bəs gələcəkdə belə insanların sayı artdıqda necə olacaq? Bu zaman dünyada tam anlamıyla xaos yaranacağı məlumdur. Dünyanı və həyatı tarazlıqda saxlayan tərəzi yaxşılıq və pislik tərəzisindən öncə yox olacaq. Heç kimin ətrafında inana biləcəyi hər hansı bir insan olmayacaq və sanki filmlərdəki kimi hərkəs evindən çölə çıxmağa belə risk etmədən cəmiyyətdən təcrid olunmuş halda yaşayacaqlar. Keçmişdən indiyə qədər üzə çıxan bütün kəşflər, icadlar, araşdırmalar, fikirlər heç bir dəyərə sahib olmayacaq və əvvəlki məlumatlar da yavaş yavaş öz önəmi ilə birlikdə yox olacaq. 

İnsanların inkişaf etməkdən bu qədər çox qorxmaları və daim sahib olduqları ilə kifayətlənmələri sürətlə dəyişən dünyaya qarşı acizlik göstəricisidir. Artıq insanlar yeni fikirlər düşünüb tapmaq yerinə digərlərinin fikirlərini təkrarlamağa çalışırlar. Fərqli olmağı deyil də eyniləşməyi seçirlər. Bu iradəsizlik bəlkə də insanın sahib olduğu ən zəif cəhətidir. Cəhalətin yaranmağında iradəsizliyin payının olduğunu da düşünürəm. Əgər bir insan öz zəif cəhətlərinin üstünə gedib onlarla mübarizə aparmaq yerinə qaçmağı seçirsə bu da bir iradəsizlikdir. Hətta mənə görə iradəsizliyin ən böyüyüdür. 

Kitabların önəmini dərk etmək üçün cəmiyyətin yox olmasına və ya dünyanın sonunun gəlməsinə ehtiyac yoxdur. Bu halların baş verməməsi və gələcəkdə belə vəziyyətlərlə üzləşməmak üçün kitablardan möhkəm tutunmalıyıq. İnsan özünü kitablar vasitəsilə dərk edir. Özünü anlamağı bacarmayan biri isə başqalarını necə başa düşə bilər ki? 

 Kitab dövrü əgər bir zamanlar bitəcək olsa bu həyatın da sonu gəlib deməkdir. Mən kitablarsız bir həyat düşünə bilmirəm. Bir insan kitablara sahibdirsə əgər, digər insanlara heç ehtiyac duymaz. Kitabların dünyası səhifələrdə gizlidir. Ruha sahib olan hər bir şeyi canlı olaraq qiymətləndiririksə bu halda kitablar da canlı varlıqlardır. Çünki oxuyucusuna görə dəyişən ruha malikdir kitablar. Yazıçının düşüncə və hislərindən var olurlar. Yazıçılar ölümsüz olmasa belə fikirləri əbədiyyətə qədər öz mövcudluğunu davam etdirir. Doğrusu hələ də kitabları həyatına daxil etməmiş insanlar çox şey qaçırırlar. Yalnızca tək bir həyatı yaşayaraq burada sıxışıb qalmaq yetərincə darıxdırıcı olmalıdır. “Oxumadığın gün qaranlıqdasan.” deyir Nuri Pakdil. Həqiqətən bu cümlə kitabların insanlara nə qədər yardım etdiyini çox gözəl ifadə edir. Oxumağı həyatının bir hissəsinə çevirmiş insanlar məncə bu həyatın istənilən çətinliyiylə başa çıxa bilər. Heç kimdən yardım almadan öz problemlərini həll etmə gücünə sahib ola bilər. Bu həyatdan əldə etməyə çalışdığımız bilik olmalıdır. İnsanlar digər məqsədlərə görə bütün həyatlarını boşa yaşayırlar. Lakin biliyin gücünü başa düşsələr və bilikli insanın da sanki bir maqnit kimi bütün fürsətləri özünə çəkəcəyini dərk etsələr hər şey daha sadə olardı. Ümid edirəm ki elmin işığı hər zaman cəhalətin qaranlığını aydınlatmağı bacarsın. Siz siz olun, kitabları həyatınızdan çıxartma riskinə heç vaxt girməyin. 

NƏRMİN HACIYEVA

en_USEN