DİPLOM KAĞIZ PARÇASIDIR YOXSA BİLİYİMİZİN GÖSTƏRİCİSİDİR?

Universitetləri bitirdikdən sonra aldığımız diplom bizə öz həyatımızda yeni bir şey qazandırır mı? “Bəlkə yeni bir iş, kifayət qədər də maaş” deyə cavablar əminəm ki hərkəsin ağlından keçir. Bu halda belə bir sual yaranır. Həyatımıza verdiyimiz dəyər bu qədər azdır mı? Bütün ömür boyu hər ayın sonu maaş almaq üçün bir işdə işləyib həyatın anlamını məhz bu yolda tükətmək həqiqətən də lazımlıdır mı? Universiteti bitirməkdən öncə universitetə qəbul olmaq o qədər önəmli rol daşıyırmış kimi göstərilir ki hələ həyatı tam anlamıyla başa düşməyən şagirdlər başqa çıxış yollarının olmadığını düşünür. Məhz universiteti qazanmaq üçün 11 illik dərs proqramları ilə hələ kiçik yaşlarda tanış olmağa başlayırlar. İnsan həyatının heç bir anı bir daha geri qayıtmır. Bəs yalnızca universitetə qəbul olmaq üçün həyatdan borc alınan 11 ili qurban verməyə dəyər mi? Evdə valideynlər, məktəbdə də müəllimlər davamlı olaraq şagirdi stress altında saxlayaraq universitet qazanmaqlarında onlara necə kömək olacaqlarını düşünürlər? Hələ həyatın başlanğıcında stress səbəbiylə yaranan müxtəlif xəstəliklər zaman keçdikcə onlara necə təsir edəcək bunu kimsə düşündü mü heç? Məqsədim təhsili pisləmək və ya başqalarını təhsildən uzaqlaşdırmaq deyil. Demək istədiyim universitetə qəbul olmaq insanların düşündüyü qədər əhəmiyyətlidir mi? Yəqin ki xəbərlərdə universitetə qəbul ola bilməyən şagirdlərin həyatlarına son verməsindən çox insan xəbərdardır. Buna rəğmən hələ də davam edən bu basqı niyə bitmir? Həyatın bir neçə ilini daha qurban verib sonunda diplom adlandırılan kağız parçasını qazana bilmək üçün mü?

Hətta bu mövzuda  belə sürü psixologiyası öz işini görür. Şahid olduğum bəzi hallarda valideynlər başqasının övladı universitetə qəbul olduğu üçün öz övladlarının da həmin taleyi paylaşmasını istəyirlər. Yəni əgər çoxluq universitetə getməyi rədd etsə digərləri də onlara qoşulacaq? Digər canlılardan bizi fərqləndirən şüur və ağıl bəs niyə bizə öz şəxsi fikirlərimizi ifadə etməkdə kömək etmir? Niyə çoxluq hansı yoldan gedirsə həmin yolun doğru olduğu kimi qəribə düşüncə tərzi var? İnsanlar niyə başqalarından daim üstün olmağa çalışırlar? Hərkəsin fərqli həyata sahib olduğunu qəbul edərsək insanlar niyə nəticəni eyniləşdirməyə çalışır? Toplumun insanlara qəbul etdirməyə çalışdığı qəlib düşüncələri niyə kimsə etiraz edib sorğulmaq yerinə eləcə boyun əyir? Əminəm ki “qonşunun uşağı” adlandırılan kimliyi bilinməyən o şəxslə valideynlərin hamısı öz övladlarını müqayisə edir. “Qonşunun uşağı universitetə girib sən niyə qəbul ola bilmədin?” “Camaatın uşağına bax.” kimi ifadələr artıq valideynlərin övladlarına dediyi qəlibləşmiş ifadələrdəndir. Bəs niyə valideynlər üçün öz uşağı deyil də qonşunun uşağı vacibdir? Niyə insanlar özlərini daim başqaları ilə müqayisə etməyə ehtiyac duyurlar? “Universitetə qəbul olmasan mən camaata nə deyəcəm?” cümləsindəki camaat tam olaraq kimdir? Niyə insanlar öz həyatları haqqında “camaat”a hesabat verir? Daha doğrusu insanlar niyə camaatın təqdir etdiyi kimi yaşamağa çalışırlar?

Universitetə getmədən də həyatda uğur qazanmış və diplomu olanlara rəğmən daha xoşbəxt yaşayan bir çox insan mövcuddur. Əgər universitetə qəbul olmaqda məqsəd uğurlu və xoşbəxt həyata sahib ola bilməkdirsə bunun üçün universitet şərt deyil. Əksinə ailələrin basqıları ilə istəmədiyi  universitetdə istəmədiyi fakültəni oxuyan bir çox tələbə var. Gələcəkdə sahib olacaqları peşəni belə özü seçməyən tələbələr sevmədikləri bir işdə çalışmağa başlayacaqlar. Valideynlər belə olsa, heç kim digərinin həyatı ilə bağlı verəcəyi qərarlara qarışa bilməz. Təəssüf ki valideynlər uşaqlarının bir şəxsiyyət olduğunu unudub, özlərinə aid bir əşyaymış kimi görürlər. Düşüncələri, duyğuları, qərarları ola biləcəyinə fikir vermədən onlar üçün öncədən hazırladıqları planı yerinə yetirməsini gözləyirlər. Hətta universiteti oxumaq üçün yalnızca balının çatdığı amma nə olduğunu belə bilmədiyi fakültələrdə oxuyan tələbələr də var. Hətta bir çox insana niyə universitetə qəbul oldun və ya qəbul olmaq istəyirsən kimi suallar verildikdə heç bir cavablarının olmaması qəribədir. Hər hansı bir səbəb yoxdursa bir hərəkəti etmək necə mümkündür? Buradan o nəticəyə gəlmək olar ki universitetə qəbul olmaq həqiqətən də toplumun insanlara sorğulamadan qəbul etdirdiyi fikirlərdən sadəcə biridir. Belə insanların universitetə qəbul olmasında heç bir səbəbin olmaması kimi universiteti bitirdiyi zaman da sevmədiyi bir işdə işləmək üçün  heç bir səbəbi olmayacaq. Həyatın idarəsini əlindən buraxacaq və yaşadığının tək göstəricisi nəfəs alıb verməsi və ürəyinin hələ də döyünməsi olacaq. Yəni tamamilə fiziki olaraq yaşayacaq amma ruhən çoxdan tükənmiş olacaq. 

Diplom biliyin bir göstəricisi ola bilməz. Fərqli sahələrdə bacarıqlı olub, ailələrinə görə tamam başqa sahədə təhsil alan tələbələr olduqca, diplom biliyin bir göstəricisi olmayacaq. İnsanlar müxtəlif olduqları qədər maraqları da müxtəlifdir. Öz maraqlarına uyğun olan sahələrdə bir insanın uğurlu olub olmadığını demək daha ədalətlidir. Əks halda bu bir balığı uçabilmədiyinə görə onun bacarıqsız olduğunu düşünməklə tamamilə eynidir. İnsanlar nə qədər ki biliyi özlərinə faydalı olduğu üçün deyil, diplom kimi kağız parçasını qazanmaq üçün öyrənəcək onda heç nə dəyişməyəcək. Yalnız həkim, mühəndis və ya hakim olmağını istəyərək valideynlər uşaqlarının potensiyalının qarşısını alırlar. Sənətə, musiqiyə, ədəbiyyata marağı olanlar heç istəmədiyi halda caməyyətin “yaxşı iş” olaraq qəbul etdiyi sahələrə yönəlməyi məcbur edirlər. Sözsüz ki həmin insanlar həyatlarının sonuna qədər çalışdığı işi sevməyəcəklər. Və bir zamanlar mövcud olan potensiyalını gerçəkləşdirə bilmədiyi üçün içdən içə daim peşmanlıq hissi duyacaqlar. Dünyanın ən böyük  acılarından biri insanın sahib olduğu potensiyalını gerçəkləşdirə bilməməsidir. Bəlkə bunda kifayət qədər də toplumun günahı var. Sənətlə məşğul olan insanlara toplumda yetərincə dəyər verilir mi? Bəs gələcəkdə bu sahəyə marağı olan insanlar fərqli sahələrə yönəlmədən həyatlarını buradan gələn gəlirlə idarə edə biləcəklər mi? Təəssüf ki bu sualların cavabı hələ də dəyişməz qalır. Özləri də eyni taleyi paylaşmağına baxmayaraq belə işləri “ vaxt itkisi” olaraq görən insanların sayı heç də az deyil. Cəmiyyəti incəsənət və mədəniyyət olmadan təsəvvür etmək mümkün deyil. Əks halda ətrafda barbarlığın və vandalizmin nümunələri gettikcə artacaq. Hər nə qədər də günümüz insanı modern və müasir olaraq xarakterizə olunsa da bu hər insanın daxilində var olan qaranlıq tərəfi örtmək üçün kifayət deyil. Cəmiyyəti yaradan belə insanlar öz daxilindəki xaos və zorakılığı sevən tərəflərini basdırmağa çalışdıqca bu hislər daha da qüvvətlənir. Sənət sayəsində insanın özündən gələn bu duyğular tamamilə bitməsə də nisbətən zəifləyir.  

Bunu da bildirmək istəyirəm ki ancaq tanınmış sənətkarlar və əsərləri rəğbət görərkən bu işdə həqiqətən də bacarıqlı olub yalnız adı duyulmayan minlərcə insan var. Nə qədər ki insan öz həyatını başqalarına görə yaşayacaq, muzey və ya sərgiləri yalnızca ən məşhur əsərin önündə şəkil çəktirmək üçün istifadə edəcək potensialı olub onu üzə çıxara bilməyən insanların sayı gettikcə çoxalacaq. 

Universiteti bitirib lakin öz peşəsinə uyğun iş tapa bilməyən insanların sayı da kifayət qədərdir. Demək ki diplom həqiqətən də gələcək həyatı sığortalamağa yardım etmir. Hətta heç bir təsiri belə yoxdur. Öz peşəsindən tamamilə əlaqəsiz işlərdə çalışan və diplomu tozlu rəflərdə yalnızlığa tərk edilmiş bir qisimdə var həmçinin. İnsanlar gələcəkdə iş həyatına atılmaq üçün universiteti bitirib, diplom qazanmağa çalışırlar. Bəs diplom belə, iş sahibi olmaq da kömək etmirsə insan ömrünün 11 ilini qazanacağı bəlli olmayan bir qumar oyununda mı itirib? İnsanlar itirdikləri illərini diplom qazanıb iş sahibi olacaqlarını ümid edərək özlərini təsəlli edirlər. Bəs əks halda itirdiyi illərinə səbəb olaraq nəyi göstərəcəklər?  

İnsanların qəbul ettikləri və xaricə göstərdikləri olaraq iki həqiqət tipi vardır. Məsələn, insanların hamısı xaricdən baxanda bütün həyatları boyu xoşbəxtliyi axtardıqları görünür. Lakin özləri də bilirlər ki yetərincə məbləğ qarşılığında öz xoşbəxtliklərini belə qurban verə bilərlər. Doğrusu maddiyatın bu qədər hakimi olduğu dünyada mənəvi dəyərlərin olduğuna inanmaq çətindir. İnsanlar belə bir-biri ilə ilk öncə məhz maddi durumu diqqətə alaraq ünsiyyət qururlarsa, bugünümüzlə gələcəyimizin arasındaki tək fərq daha inkişaf etmiş texnologiyadan başqa heç nə olmayacaq. Düşüncələr və fikirlər belə satılıqdırsa, hər hansı bir dəyəri müdafiə etmənin nə mənası var ki? Çoxluğun həqiqət olaraq qəbul etdiyi yalanları bir ya da iki nəfər necə dəyişdirə bilər ki? Hərkəs daha güvənli və daha yaxşı bir dünyada yaşamağın xəyalını qurur. Lakin ortada heç kimin sərf etdiyi bir  mübarizə yoxdur. Demək ki azadlıq günümüzdə yalnızca düşüncələrdə mövcuddur. Təbii ki düşüncələr hələ də bir şəxsə aid və digərləri tərəfindən dəyişimə məruz qalmayıbsa.  

Həyatı daha azad və istədikləri kimi yaşamaq üçün insanlar pula ehtiyac olduğunu zənn edirlər. Əslində bu qismən də olsa düzdür. Yaşadığımız əsrdə daha yaxşı həyat keyfiyyətləri əldə etmək üçün pula ehtiyac var. Lakin pul ilə azad olmaq mümkün deyil. Pul qazanmaq üçün insanlar fərqində belə olmadan öz qərarlarını dəyişir bəlkə də bütün ömrü boyu xəyalını qurduğu hər şeyi təxirə salır. Buna misal olaraq peşə seçimlərini göstərmək olar. Günümüzdə gənclərin çoxu peşə seçimi edərkən diqqət etdiyi tək nüans qazanacağı puldur. Seçdikləri peşədə uğurlu və ya xoşbəxt olub olmayacaqları ilə heç maraqlanmırlar. Bəlkə xəyalını qurduqları və uşaqlıqdan bəri “Böyüyəndə nə olacaqsan?” sualına həvəslə verdikləri cavabı unudub və ya unutmaq məcburiyyətində qalıb, günümüz şərtlərinə uyğun olmağa çalışaraq yaşayırlar. Peşə seçimi məncə insanlar tərəfindən önəmi dərk edilməyən vacib bir qərardır. Bəzi qərarlar insanın bütün gələcək həyatına təsir edir və peşə seçimi də onlardan biridir. Məhdud olan insan ömrünü yalnızca pul qazanmaq üçün məcburi seçilən bir işdə keçirtmək insanın özünə qarşı edə biləcəyi ən böyük haqsızlıqdır. Bəzi insanlar hələ gənckən çalışıb yetərincə pul qazanıb yaşlandıqda da rahat yaşamağı düşünürlər. Təəssüf ki bu keçən illərin əvəzini verəcək bir üsul deyil.  

Əgər xoşbəxtliyi nəzərə almadan tək məqsədiniz pul qazanmaqdırsa, onda heç aid olmadığınız bir sahədə işləməyi təbii ki də seçə bilərsiniz. Öz maraqlarınız, xəyallarınız, arzularınız onları pula satacaq qədər ucuzdursa, bu əlbəttəki sizdən asılı olan bir seçimdir. Bu halda gələcəkdə verdiyiniz qərardan peşman olub pulun bəzi şeylərin yerini heç vaxt tutmayacağını anladıqda günahlandırmaq lazım olduğunuz tək insan özünüz olacaqsınız. Hərkəs dünyaya fərqli məqsədləri yerinə yetirmək üçün gəlib. Onu eyniləşdirməyə çalışdıqca tarazlığı pozmaqdan başqa heç nə əldə olunmayacaq. Hər peşənin öz dəyəri var. İnsanlar bəzən bu dəyəri yox saymağa çalışsa da, bu heç nəyi dəyişdirmir. Ümid edirəm ki insanlar nə vaxtsa diplomun biliyin bir göstəricisi olmadığını anlayar və öz həyatlarındaki qərarları başqalarına görə deyil, öz istəklərinə görə seçərlər. 

NƏRMİN HACIYEVA

azAZ