CAHİLLİYİN QALİBİYYƏTİ! ZƏFƏR QƏLƏBƏSİ!

Yaşadığımız bu dünyanı bölüşdüyümüz insan tipləri arasında ən təhlükəli olanı cahil insanlardır. Cahil insanlar sahib olduqları məhdud məlumatların doğru olduğunu düşünən, hər şeyi bildiyini zənn edən və əsla yeniliyə, dəyişimə açıq olmayan kimsələrdir. Yaşadığımız bu kainatda özünün yalnızca kiçik bir zərrəcik olduğunu unudub bütün kainatın sahibi kimi davranan insanlar da cahillik üçün verdiyimiz tərifə uyğun gəlir. Ən əsası isə belə insanlar heç vaxt yeni məlumatlar öyrənməyə çalışmaz, heç kimin fikrinə hörmətlə yanaşmaz, israrla öz bildiklərini – səhv olsa belə- hərkəsə qəbul ettirməyə çalışarlar. Lakin bütün bunlara rəğmən onlardan daha xoşbəxt bir insan tapmaq da mümkün deyil. Öz xəyallarında dizayn etdikləri dünyada yaşayıb gerçək həyatın çətinliyinə və ədalətsizliyinə əhəmiyyət vermədən xoşbəxtliklərini davam etdirirlər. Aktual olan heç bir problem onlar üçün önəm daşımır. Çünki belə insanlar öz xoşbəxtliklərini qurban verməyəcək qədər eqoist və laqeyd olurlar. Heç bir problemi düzəltməyə çalışmamaqla birlikdə eyni zamanda yaranan bir çox problemin səbəbi də məhz bu tip insanlardır. Həmçinin onların xoşbəxtliklərinin ən böyük qaynaqlarından biri digər hərkəsin həyatına müdaxilə etmək və özlərinin bu haqqa sahib olduqlarını düşünməkdir. Mənəvi və əxlaqi keyfiyyətləri durmadan müdafiə etsələr belə günün sonunda bu əlamətlərə sahib olmayanlar yenə özləridir. Bu halda “ Öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır.” atalar sözünü işlətməyin tam yeridir.
Bəs cahil olub xoşbəxt olmaq mı yoxsa müdrik olub xoşbəxtliyin sizdən qaçması mı? Bu bir həqiqətdir ki özünün və yaşadığı dünyanın fərqində olan, heç bir acı həqiqəti göz ardı etməyən insanlar əlbəttə ki xoşbəxtliyin uzaqlaşdığı kimsələr olacaq. Sahib olduğu zəka və müdrikliyin qarşılığını insan bu duyğunu əbədi itirməklə ödəyir. Bu sual çox çətin görünsə də əslində olduqca bəsit şəkildə seçim etmək mümkündür. Dünyaya əhəmiyyət verməyəcək qədər xudbin biri təbii ki də öz xoşbəxtliyini seçər. Tək məqsədi yaşadığı dünyanı və insanlarını anlamaq olanlar isə sözsüz ki ağılı seçəcəklər.

Cahillik insanın mövcud olduğu bütün vaxtlarda haqqında danışılan bir məsələ olub. Filosoflar, yazarlar bu barədə öz düşüncələrini dilə gətirib və kitablarında bu mövzuya yer vermişlərdir. George Orwellin 1984 adlı kitabında da bu mövzuya toxunulub. “ Cahillik gücdür.” ifadəsi də məhz bu kitabda qeyd olunur. Toplumu yönləndirməyi bacaran diktator rejim xalqın cahilliyini silah olaraq istifadə edərək hərkəsi öz tərəflərinə çəkməyi bacarır. Bu strategiyalarını o qədər ustalıqla planlayırlar ki xalq əsl düşmənlərinin bu rejim olduğunu deyil, rejimin düşmən olaraq tanıtdığı insanları özlərinə düşmən olaraq qəbul edirlər. İnsanın öz haqqını tələb etməməsi üçün necə aldadıldığını və sürü psixologiyasının necə işlədiyini diktator rejim tərəfindən ələ alınmış bu toplumda görmək mümkündür. Ən qəribə olanı isə budur ki, hərkəs birləşib bu rejimlə mübarizə aparmağa başlasa qalib gəlmək ehtimalları çox yüksək olacaq. Lakin buna qarşı gəlmək istəyənlərin nə yetərincə cəsarəti var nə də ki bu düşüncəyə sahib olanların sayı çoxdur. Qurulan bu rejim xalqın öz düşüncələrini özlərinə qarşı istifadə edir və insanların sahib olduğu nifrət dolu duyğuları istədikləri kimi yönləndirməyi bacarırlar.

Cahil insan tək başına heç bir önəm daşımır. Lakin topluma qarışdığı zaman böyük təhlükəyə çevrilə bilər. Çünki bu zaman cahillikləri istər-istəməz toplumun digər nümayəndələrinə də təsir edəcək. Sürü psixologiyası öz işini görəcək və cahil olan yalnız bunu gizlətməyə çalışan insanlar da gettikcə üzə çıxmağa başlayacaqlar. Digər cahillərdən cəsarət alıb onların tərəfinə keçəcəklər. Təəssüf ki cahillik yoluxucu bir xəstəlik kimidir. Günümüzdə insanlar səssizliyin zəiflik olduğunu düşündükləri üçün səsi yüksək çıxanları haqlı hesab edirlər. Nəzərə alsaq ki cahillər qədər səsi yüksək çıxan heç kim yoxdur, bu zaman insanlar cahillərin güclü və haqlı olduqlarına inanacaqlar. Ona görə də cahil birinin insanları öz təsiri altına salması müdrik birinə görə daha asandır. Dedikləri yanlış olsa belə həm özlərini həm də ətrafındakılarını bunun doğru olduğuna inandırmağı o qədər yaxşı bacarırlar ki, hər hansı bir sahədə mütəxəssis olan şəxsin belə heç nə bilmədiyini və ya bildiklərinin də yanlış olduğunu sübut etməyə çalışarlar.

Mark Twenin də dediyi kimi “ Bu həyatda təh ehtiyacınız olan cahillik və özgüvəndir. Bu halda uğuru əldə etmək dəqiqdir.” Bir cahili heç vaxt məğlub edə bilməzsiniz. Əgər yetərincə müdrik birisinizsə, cahil insana rast gəldiyinizdə mübahisə etməyin deyil də, oradan uzaqlaşmağın ən məntiqli yol olduğunu çoxdan bilirsiniz deməkdir. Çox təəssüf ki cahilliyə qarşı bir müalicə üsulu hələ də tapılmayıb. Qaynağı başqa səbələr kimi görünən problemlərin bir çoxunun əsl səbəbi məhz cahillikdir. Təbii ki hər bir halda düzgün təhsillə cahil insanların sayını azaltmaq mümkündür. Lakin iyirmi birinci əsrdə yaşamağımıza baxmayaraq hələ də bir çox bölgələrdə uşaqlarını təhsilə yönəltməyən ailələr mövcuddur. Xüsusilə qız uşaqlarının təhsildən kənarlaşdırılması dərhal həll edilməsi lazım olan böyük bir problemdir. Hər bir insanın təhsil alması, xüsusilə qadınların təhsilə yönləndirilməsi toplumu daha da yaxşı bir hala çevirə biləcək bir addımdır. Ali təhsilli olmasına baxmayaraq cahil olmağı bacaran insanlar isə məncə bu tipin ən təhlükəli təmsilçilərindəndir. Cahil olmağı bacaran deyirəm çünki elmin işığından xəbərdar olub da qəsdən özünü qaranlığa qərq etmək yalnızca insanın seçə biləcəyi ən yanlış seçimdir. Cahil insanlardan qorunmaq üçün ilk öncə bu tip insanları tanımaq lazımdır. İstifadə ettikləri ən yayğın ifadə “Mən hər şeyi bilirəm”dir. Hətta bu barədə özlərinə o qədər çox güvənirlər ki heç bilmədikləri bir mövzu haqqında rahatlıqla rəy bildirə bilərlər. Və biz bunu cahil özgüvəni olaraq adlandırırıq. Bu həyatda qazana bilməyəcəyimiz çox az şey mövcuddur. Onlardan biri də özgüvənli cahillərdir.

Yunan fəlsəfəsinin qurucularından biri olan Sokrat belə “Bildiyim tək şey heç nə bilmədiyimdir.” deyərək öyrəndiklərinin bu böyük kainata qarşı daima yetərsiz olacağını qəbul edirdi. Nəzərə alsaq ki o dövrün aristokratları belə bilmədikləri hər hansı bir mövzunun olacağını qəbul etmirlərdi və bilmədiyi bir şeyin olmasının normal olduğunu qəbul edən Sokrata məhz buna görə yuxarıdan aşağı baxırdılar günümüzdəki problemlər bu sayədə təəccübləndirici olmaqdan kənarlaşır. Öz bildiklərini pul qarşılığında insanlara satan sofistlərdən fərqli olaraq Sokrat pulsuz şəkildə öz biliyini başqaları ilə paylaşmağı üstün tuturdu. İrəli sürdüyü bəzi fikirlər acı həqiqətləri ortaya qoyduğu üçün aristokratları və bu kəsimdən olan bəzi insanları narahat etdiyinə görə Sokratı diqqətə alanların sayı nisbətən daha azıydı. İnsanın əsrlər boyu dəyişməyən təkəbbür və özünü digərlərindən üstün olaraq görmə istəyinin yeni məlumatlar öyrənmək həvəsinin necə qarşısına keçdiyi hələ o vaxtlardan bəri mövcud olan bəzi şeylərin heç vaxt dəyişməyəcəyinə inandırır məni.

Yəni insan necə ola bilərdi ki ucsuz bucaqsız kainata məhdud tutumlu zehniylə meydan oxuyurdu?

Təəssüf ki cahil deyə adlandırdığımız şəxslər öz vəziyyətlərindən xəbərsizdirlər. Öz inandıqları dünyada yaşayıb cəfəngiyatları doğru olaraq qəbul edərək həyatlarına davam edirlər. Özləri belə nadanlıqlarından məlumatsızdırlar. Əgər xəbardar olsalar özlərini inkişaf etdirməyə çalışaraq bu xəstəlikdən qurtula bilərlərdi. Özünün fərqində olmayan bir insanı isə heç kim xilas edə bilməz. İnsan yalnızca özü özünü həm zirvəyə çıxara bilər həm də bataqlığa sürükləyə bilər. Texnologiyanın inkişafına baxmayaraq cəmiyyətdə cahil insanların sayı gettikcə artır. İnsanlar yalnızca xarici görünüşə önəm verməyə o qədər alışıblar ki heç kim başqasının mənəvi xüsusiyyətlərinə, ağlına fikir vermir. Kitabların belə oxumaq üçün deyil, göstəriş üçün istifadə olunduğu bir zamanda yaşamaq insanı istər istəməz düşünməyə vadar edir. Məzmununa görə deyil də qapağına görə seçilən kitablar yalnızca yanına qəhvə qoyaraq şəkil çəkdirmək üçündür mü məgər?

Açıqcası toplumun bu qədər məlumata, yeni biliklərə önəm verməməsinin səbəbi başqalarını heyran etməkdir deyə düşünürəm. İnsanlar başqalarını öz həyatlarıyla, sahib olduqlarıyla qısqandırmağa, heyrətləndirməyə çalışırlar ki sonunda özləri belə sahib olduqları həyatdan qopurlar. Hətta bu elə bir nöqtəyə gəlib çata bilir ki bəzi insanlar yalnızca başqaları üçün həyatlarını yaşamağa başlayırlar. Öz sahib olduqları şəxsi fikirləri unudub çoxluğun qəbul etdiyi fikirləri mənimsəməyə çalışırlar. Qəbul edilən fikir səhv olsa belə çoxluq o fikri mənimsəyir deyə sorğu sualsız ayaq uydurmağa çalışan insanlar günümüzdə gettikcə çoxalır. Toplum basqısı artdıqca insanlar şəxsi rəylərini ifadə etməkdən bir o qədər qaçınırlar. Və nəticədə avtomatlaşdırılmış beyinlər yaranmağa başlayır. Düşünməyən, sorğulamayan, verilən məlumatı heç bir şərtsiz qəbul edən beyinlər. Cahilliyin bir digər səbəbi kimi məlumatın yanlış ötürülməsi ya da hər hansı bir biliyə sahib olan insanların fikirlərini digərləriylə bölüşmək istəməməsini nümunə göstərə bilərik. İnformasiya önəmli olduğu qədər onun necə ötürüldüyü də çox önəmli bir məsələdir. Əgər hər hansı bir məlumat yanlış olaraq yayılarsa onu doğrusuyla dəyişmək və bunu insanlara qəbul etdirmək daha çətin olacaq. Çünki insanlar o yanlışı artıq doğru olaraq öyrəndikləri üçün beyin öncədən qəbul olunmuş həmin məlumatdan yanlış olsa belə daha rahat yararlana biləcək. Beyinin öncədən qəbul etdiyi bir məlumatı yenisiylə dəyişmək isə uzun vaxt ala bilər. Nəticədə beyin bir texniki qurğu deyil. Yazılan informasiyaları istənilən vaxt “delete” düyməsinə basıb silərək yenilərini daxil etmək qeyri mümkündür. Bütün bunlara rəğmən yenə də cahil insanları alçaltmaq, onlara rişxənd etmək heç də düzgün deyil. Belə insanları dəyişdirmək üçün hərkəs cəhd göstərməlidir. Cahil olaraq damğalayıb toplumdan uzaqlaşdırmaq bu nadanlığın həllinə gətirib çıxarmır. İnsanları topluma aid ola bilmirlərsə tamamən xarici dünyadan təcrid edib yalnız buraxmaq problemləri aradan qaldırmaq yerinə onları kölgələyən bir addımdır. Və kökündən həll edilməmiş hər probləm bir gün yenə qarşınıza çıxa bilər. Odur ki belə insanları topluma qazandırmaq daha yararlı bir addım olardı. Həmçinin cahillərin gücünü yox saymaq heç də məntiqli bir fikir deyil. Yetərincə biliyə sahib olan insanlardan bəziləri belələrinə yuxarıdan aşağı baxsalar da cahilliyin gətirdiyi cəsarətlə heç bir ağıllı insanın edə bilməyəcəyini və ya etməyi seçməyəcəyi davranışları onlar çox rahatlıqla həyata keçirə bilərlər. Unutmayın ki cahil insanlar çətinə düşdüklərində yalnızca özlərini deyil ətrafında olan hərkəsi bu quyunun içinə çəkə bilər. Zirvədən aşağıya yıxıldıqları zaman daim özləri ilə birlikdə aşağı yuvarlanacaq insanları tapa bilərlər. Bir nüansa da toxunmaq istəyirəm. Bəzən insan hərkəsdən çox biliyə, iti yaddaşa və güclü bir zehnə malik olsa belə bu onun cahil olmadığı anlamına gəlmir. Cahillik çox vaxt biliyin yetərsizliyi olaraq hesab edilsə də bəzən cahillik ruhun və insanlığın çatışmazlığı ilə də yarana bilər. Və cahilliyin hər növünə çarə tapmaq olar amma cahilliyin bu tipini heç vaxt aradan qaldırmaq mümkün deyil. Biliyi, zəkanı yoxlamaq üçün dəfələrlə təkrarlanan imtahanlar və bu imtahanlardan keçmək üçün öyrədiləcək olan dərslər mövcuddur. Lakin insanlığın imtahanı hərkəsin həyatında heç gözləmədiyi anda və yalnızca bir dəfə gerçəkləşir. O imtahandan keçə bilməyənə isə həyatın keçdiyi heç bir dərs kömək edə bilməz. Çünki insanlığını itirmiş biri əbədi cəhalətə məhkum qalacaq və belə biri həyatın ona öyrətməyə çalışdığı heç bir dərsi onsuz da anlamayacaq.

NƏRMİN HACIYEVA

azAZ