Bir günə bitirəcəyimiz 19 çox maraqlı kitab

Ədəbiyyat bir şəkil albomudur. Hər vərəqində bir xatirə var. Albomu vərəqlədikcə xatirələr adamı anatək isti ağuşuna alır. Baxdığın şəkillər canlanır və hər şəkildən bir obraz sənə tərəf boylanır. Kitablar da ədəbiyyatın ayrılmaz parçasıdır. Açılmış qanadları oxucu sözü, oxucu hərarəti ilə uçmağa hazırlaşır. Oxucu necə kitaba qanad açdırırsa, kitab da oxucuya yoldaşlıq edir, ona unudulmaz həmsöhbət olur. Elə kitablar var ki, onların üz qabığı açılandan uzun müddət oxucu ilə bir həyat yaşayır. Bəzi kitablar isə bir göz qırpımında oxunur və bir ömür təxəyyüldən silinmir, oxucu ilə həyatın hər səhnəsində yenidən oxuyurmuşcasına canlanır. Biz də bu gün siz oxucular üçün cismə bir, ruha min gün can verən 19 kitabdan danışacağıq.

Cəfər Cabbarlı – Sevil

Azərbaycanın yeni dramaturgiya ədəbi məktəbinin banisi, klassik şeiri zəminəsində yetişmiş şair, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının yaradıcılığı hamıya məlumdur. Onun pyesləri həmişəyaşar əsərlər qəbiləsindəndir. Cəfər Cabbarlının əsərlərinin adları yayıldığı dövrdə yeni doğulan körpələrə qoyulmaqla məhşurdur. Siyahıya ədəbiyyatımıza yeni qapı açmış ədibin, qadın azadlığının dəyərindən yazdığı bu pyesi ilə başlamasaq olmazdı.

Fatma Aliye – Levayih-i Hayat

Qadın azadlığından bir pəncərə daha açaq və Türk incilərindən olan Fatma Aliyənin “Həyatdan səhnələr” adlandırdığı məktublardan ibarət kitabına nəzər salaq. Əsrlərin, illərin ötüb keçdiyi, amma həyatımızda hələ də yapışıb qalan məsələlər var. Bu məsələlər 1900-cü illərdə də, indi, 2020-ci illərin əvvəllərində də qadınların qarşısına çəpər hörür. Siz əlli bir səhifəlik bu kitabda qan və can bağlılığı olan qadınların bir-birinə ünvanladığı məktublarda o dövrün bütün insan münasibətləri ilə qarşı-qarşıya qalacaqsınız.

Osamu Dazai – Öğrenci kız

“Kitab oxumaq deyilən şey məndən qoparılıb alınsa, heç bir həyat təcrübəsi olmayan mən ağlanacaq halda olaram yəqin ki.” deyir yazıçı. Bizlərdən birinin, yəni bir oxucunun Dazaiyə göndərdiyi məktublar nəticəsində bu kitab ərsəyə gəlib. Uşaq və yeniyetmə qızların gənc qızlara baxıb həsəd apardığı, tezcə onların yaşına çatmağa çalışdığı dövrlərdən keçənlər yaxşı bilər; qız uşaqları o yaşa çatana qədərki zamanı necə dəyərləndirəcəklərini heç kimdən öyrənə bilməzlər. Bəlkə də həyat elə yazıçının kitabda da bizə çatdırmaq istədiyi kimidir, insan yaş dövrləri arasındakı zaman öyrənilə bilməz, yalnız yaşanılmalıdır.

John Ruskin – Susam ve zambaklar

İngilis yazıçısı Con Raskinin həyatına baxsanız ilk diqqətinizi çəkən karyerasındakı rəngarənglik olar. Müəllim, şair, tənqidçi, memar, jurnalist, rəssam və daha nə qədər peşələri özündə birləşdirən Raskin, kitabını da, yəqin ki, özündən ilhamlanaraq iki hissəyə bölüb; susam kitablar və təhsildən, zanbaq isə qadınlardan bəhs edir. “Ruh azadlığı olmadıqca, fiziki azadlıq boşunadır.” deyən yazıçı kitabının hər iki hissəsində də oxucuya bunu çatdırmağa çalışır.

Stefan Zweig – Korku

Ştefan Svayq “Yad qadının məktubu”, “Şahmat” kimi kitabları ilə məşhur yəhudi əsilli alman yazıçısıdır. O, həyat yoldaşı ilə birgə intiharından azca əvvəl yazıb qoyduğu son yazısı – məktubu ilə daha çox məhşurdur. Yazıçının üslubu psixologiyaya marağı olanları özünə daha çox cəlb edir. İnsan psixologiyasının hər bir çaları bu üslubla kitablarında öz əksini tapır. Kitabı oxuyandan sonra sanki baş qəhrəman sizsiniz və həmin hadisə sizin başınıza gəlmişcəsinə qorxu düşür canınıza. Elə yaşadığınız bu hiss kitabın keyfiyyətinin təminatıdır.

Sabir Rüstəmxanlı – Atamın ruhu

Azərbaycan Respublikasının xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir bəy Rüstəmxanlının məhrəmiyyəti və ən kövrək hisləri bu kitabda yatır. Ata elə bir qüvvədir ki, real və ilahi qüvvəsi eyni canda toplanmışdır və hansı ilə daha çox övlada çinar göründüyü təxmin edilə bilməz. Oxuyacağınız səksən yeddi səhifədə də sizə məlum olan çox doğma situasiyalarla qarşılaşacaqsınız. Bilmədiklərimizi oxuyanda necə məlumatlanırıq?! Bu kitabda isə bildiklərinizi oxuyub xatirələrdə üzəcəksiniz.

Cengiz Aytmatov – Toprak ana

Qırğız yazıçısı Aytmatov deyir ki, xoşbəxtlik birdən-birə, yaxud təsadüf nəticəsində gəlməz. Yaz yağışı kimi tez yağıb, tez də dayanmaz. Xoşbəxtlik, bir-birini tamamlayan xırdalı-kiçikli şeylərin yığılmasından doğur. Kitab çörək kimi başlayır, çörək kimi də bitir: isti təndir çörəyini adam acgözlüklə tez ağıza atır, ağzı yana-yana çeynəyir, ilıqlaşdıqca ləzzət edir, bitəndən sonra dadı damaqdan getmir. Kitabın son səhifələrindən birində bizi qarşılayan sitat həyatımızın neçə hissəsində ən böyük müəllimimiz olub, görəsən; “Artıq heç yıxılmaram, nənə, deyə cavab verdi mənə. Yıxılmaq necə olur imiş anlamaq istədim, indiyə qədər heç yıxılmamışdım..”.

Miguel de Unamuno – Aziz Manuel

“Mənim dinim başqalarını təsəlli etməkdə tapdığım təsəllidir” deyir yazıçı bu kitabda. Kəndin əzizi Don Manuel bütün Valverde kəndinin əhalisini inanca, imana çağırır. Bəs, əslində, əziz olan bu adam özü çağırış etdiyi inanca inanmırsa, onda necə olacaq? Cəmi altmış beş səhifədə oxucunu çox fərqli sferalardan oxumağa sövq edən, empatiyaya çağıran o kitab!

Marianne Musgrove – Endişe ağacı

Problemli ailədə böyümək və bununla başa çıxa bilmək, bu problemi ən aza endirmək üçün çox-çox çalışmaq necə çətindir, bu kitabı oxuyanda biləcəksiz. Bəzən ailələr özlərindəki əksikliklərlə, travmalarla övladlarının həyatlarını necə çətinləşdirdiklərini anlamırlar. Bütün bunların kitabda reala yaxın səhnələşdirməsi o qədər əla alınıb ki! Bu qədər çətinliyin fiziki və mənəvi vurduğu zərbələr kitabın qəhrəmanı olan Culyet Cennifer Jonsda aydın görünür. Nənəsinin onun rahatlaması üçün tapdığı yol Culyetə köməyi olur, yaxud olmur, bunu kitabı oxuyarkən özünüz görəcəksiniz.

Marcel Proust – Kıskançlık

Məşhur “Kayıp zamanın izinde” seriyasının yazıçısı Proust qələminin çətinliyi və anası ilə arasındakı psixoloji münaqişə ilə yadda qalıb. “Qısqanclıq” kitabı seriyanın beşinci kitabı olan “Məhbus”-dan seçilən altmış altı səhifəlik hissədir. Din, dil, irq, millliyyət və cinsiyyət fərqi olmadan hər bir insan həyatında mütləq bir dəfə də olsa, bu hissi yaşayıb: qısqanclıq! Yazıçı kitabın qəhrəmanının dilindən sevdiyi insanla keçirdiyi və keçirmədiyi zamanlarda duyduğu qısqanclığın müqayisəsini elə məharətlə verib ki, duyğu ancaq bu qədər doğru və yerində sözlərlə ifadə oluna bilərdi.

Samed Behrengi – Sevgi masalı

Uşaq vaxtı dinlədiyimiz, oxuduğumuz nağıllar yəqin yadınızdadır. O nağıllar gözəllikləri təsvir edərək başlar, baş obrazlara çətinlikləri yaşadaraq davam edər, axırda isə xoşbəxt sonluqla bitərdi. Nə vaxt ki, nağılların sonu istədiyimiz kimi bitmədi, anladıq ki, böyümüşük və bu nağıl deyil, həyatdır. Bir neçə saatlıq sizi uşaqlığınızdakı saflığa, məsumluğa aparacaq, divanda, qucaqda, maşında yatdığınız və oyandırılmadan qucaqda yatağınıza aparıldığınız o şirin vaxtlara qaytaracaq bir kitab: “Sevgi nağılı”!

Ronald Duncan – Abelard ve Heloise

Elə bir kitab ki, yazıçı da ozan, baş qəhrəman da! Məktublar kaş keçmiş zamanlarda donub qalmasaydı deyəcəyiniz bir kitab. “Əlin.. Əlin dəymiş bu məktuba..” deyə başlayan və ürək burxan bir hekayə oxuyacaqsınız. Üstəlik gerçək həyatdan götürülmüş yaşamış və yaratmış insanların sevgi hekayəsidir bu. Min il öncəsinə aid, ilk aşiq cütlüklərdən birinin hekayəsi.. Baş obrazlardan Abelard dönəmində və öldükdən sonra da çox insanı heyrətə salmış filosof, din adamı, şair və ozandır. Heloise isə yaxşı təhsil almış, yaşadığı dövrdə qadın haqlarını qorumuş, Notre dame kilsə məclis üzvü Fulbertin bacısı qızı olub. Həqiqətdə də var olmuş bu cütlüyün məktubları insana elə hey “kaş” dedizdirsə də, oxuyandan sonra da onlarla tanış olduğunuz üçün “yaxşı ki” dedizdirəcək.

Anton Çexov – Altı nömrəli palata

Azərbaycanda hekayə, Rus ədəbiyyatında isə povest olaraq qəbul olunan kitab. “Onların, xahiş edərkən üzlərini, ölərkən adyallarını görmək son dərəcədə ağırdır” deyə Çexov Maksim Qorkiylə məktublaşarkən bu sözləri vərəmli xəstələri haqqında yazırdı. O, dövlətdən heç bir kömək görməyən və bir palatada unudulan bədbəxt, çarəsiz xəstələrlə rastlaşarkən dərin kədər hissi keçirir, sadəcə, ölümü gözləməyə məhkum xəstələri görməyə dözə bilmirdi. “6 nömrəli palata” hekayəsində də yazıçı xəstə insanların heç kim tərəfindən xatırlanmamasını, həm də o palatanın varlığının unudulmasını vurğulayır. Bəzən cəmiyyət üçün çox vacib bir məsələ, əvvəla çox əhəmiyyətsiz hesab olunan insanların dilindən şayiə olaraq yayılır. Yazıçı da palataya gələcək olan həkimi əvvəlcə bu cür “şayiə” altında qələmə alır. Bunun özü də bir ironiyadır. Kitabı oxuyandan sonra oxucular olaraq ikiyə ayrılacağınıza əminəm! Görəsən, xəstə İvan Qromov dəli idi, ya həkim?!

Ceff Qunhus – Tənbəl oxucunu mütaliəyə həvəsləndirmək

Doğru valideyn və verilən doğru qərarlar uşaqların xilaskarıdır. Onlara sahib olan uşaqları gözəl bir gələcək, insan kimi yetişdirməyə hazır körpələr gözləyir. Atanın hansı strategiyası övladlarının nailiyyətlər əldə etməsinə kömək oldu? Tez-tez indilərdə belə sual qarşımıza çıxır; övladımı bu texnologiyaların sürətlə inkişaf etdiyi zamanda necə mütaliəyə yönəldim? Yaxud valideynlər müəllimlərə şikayət edir ki, övladımız kitab oxumur. Hələ davam edirlər; həvəsləndirsək də xeyri yoxdur, onlara kitab oxumaq maraqlı gəlmir. Əslində, çoxluğun bildiyi, digər çoxluğun da bilməkdən imtina etdiyi bir həqiqət var: uşaqlar eşidərək deyil, görərək tərbiyə alırlar. Evdə kitab oxuyan valideyn varsa, o uşağın həftədə bir dəfə də olsa əlinə kitab almamağı ağlabatan deyil. Bu kitabı oxuyanda həm övladlarınızı, həm özünüzü, həm də az yaşlı bacı və qardaşlarınızı mütaliəyə həvəsləndirəcəksiniz. Mütaliəyə həvəsləndirdiyiniz oxuculara da yazımızı göndərməyi unutmayın.

Carlos Maria Dominguez – Kağıt ev

Gözlərinizi yumub xəyal edin ki, siz, kitablardan hazırlanmış evdə qalırsınız. O ev heç bir cəhdlə yıxıla bilməz. Xəyal edə bildinizsə, elə indi başlayın oxumağa. Bluma Lennon Cabridge universitetində Hisponik dil fakültəsində çalışan akademikdir. Carlos Brauer isə kitab oxuyan, kitablardan ev tikdirən bir dəli, yaxud dahidir. Bu iki insanı birləşdirən də, ayıran da bir kitabdır. Kitabı oxuyarkən qabağınızda hökmən vərəq-qələm olsun, çünki onlarla yeni, oxumadığınız kitab adı yazacaqsınız.

Grigoriy Petrov – İdealist öğretmen

“Bəyaz zanbaqlar ölkəsində” kitabının müəllifindən.. Siz kitabı əlinizə alanda bilməlisiniz ki, özü də elmə, oxumağa, öyrənməyə və öyrətməyə ac bir yazıçının kitabını oxuyursunuz. Yazıçıya nəinki oxucuları, hətta dövrünün həmkarları da vurğundur. Baş qəhrəman Raçinski ilə şəhərin soyuqluğundan ölkənin digər ucuna – isti ellərə kömürdən almaz hazırlamağa varsınız? Onda elə indi kitabla tanış olmağın zamanıdır!

Gustave Flaubert – Bibliyomani

Kimlər on dörd yaşında nə etdiyini xatırlayır? Sizi bilmirəm, amma Flaubert xatırlayır ki, o, on dörd yaşında “Bibliyomani” əsərini qələmə alıb, özdə həqiqi hadisələrdən ilhamlanaraq. Kitabda baş qəhrəman Giacomo kitab tutqunluğunu elə bir səviyyəyə gətirib ki, onu tanıyandan sonra ancaq bu qəhrəmanın hara qədər çılğınlıqlarını davam etdirəcəyini maraqla oxuyacaqsınız. Kitabı bitirəndə də heç olmaya “artıq içiləndə dərd verir su da “ deyən Nizami Gəncəvini bir yad edəcəksiniz.

Kleyton M. Kristensen – Həyatımızın ölçü meyarı nə olmalıdır?

Siz son zənginizi xatırlayırsınız? Ya da məzun günü müəllimləriniz sizin üçün çıxış etmişdimi? Harvard Biznes Məktəbinin buraxılış sinfinin məzunları HBS professoru Kleyton Kristensendən onlar üçün çıxış etməsini xahiş edirlər və bu kitab ortaya çıxır. Məzun olan hər kəs üçün çox dəyərli nəsihətlər var kitabda, oxumaq üçün heç vaxt gecikmədiyiniz.

Tolstoy – İtiraflarım

“Hakim mənim ürəyimdir. Hakim özüməm.” İnsan doğulduğu gündən ona öyrədilən şəkildə yaşayır. Bəzən sorğulayır, bəzən də öyrədildiyi kimi davam edir. Ancaq mütləq həyatın bir anında başlayırsan sorğulamağa. Nəyi, necə, o sonranın işidir, amma insanı nəsə vadar edir ki, bu həyatı, gətirdiklərini və ondan aldıqlarını, eyni zamanda alacaqlarını da uzun-uzadı sorğulasın; ya dəyərdən salsın, ya dəyərini anlasın. Kitabın ilk cümləsindən Tolstoy bizi tələsdirir ki, tək özü yox, biz də oturaq və özümüzə etiraf edək. Amma nəyi? Kitabı oxuyandan sonra bizə deyərsiniz.

SİTARƏ VÜSAL

azAZ